Son aylarda ölkədə internetin median sürətində nəzərəçarpacaq artım müşahidə olunmur və bu göstərici faktiki olaraq sabit qalıb. Bəzi ekspertlər bunu yüksək qiymət və məhdud texniki imkanlarla izah edirlər. İKT üzrə ekspert Elvin Abbasov isə problemin səbəbinin texniki məhdudiyyətlərə deyil, provayderlərin yanlış qurulmuş qiymət siyasəti olduğunu deyir.
“100 Mbit/s minimal paket və median sürət arasındakı korrelyasiyaya baxdıqda aydın nəticə çıxarmaq mümkündür.
Ümumilikdə Azərbaycanda digər ölkələrlə müqayisədə 100 Mbit/s paketi (Mbit/s üçün təklif edilən məbləğ 0.25 AZN) demək olar ki, eyni qiymət aralığındadır, amma ölkə üzrə median sürət isə 91.95 Mbit/s-dir. Median sürətin bizdən yüksək olduğu ölkələrə baxdıqda isə 1000 Mbit/s-lik paketlərin aşağı sürətli paketlərə nisbətən daha əlçatan olduğunu görürük.
Bu da göstərir ki, istehlakçı yüksək sürətli paketi daha sərfəli gördükdə ona keçməyə daha meylli olur. Azərbaycanda isə 200 Mbit/s və daha yüksək paketlər hələ kifayət qədər cəlbedici qiymətlərlə təqdim edilmir. Nəticədə istehlakçılar bu paketlərə keçməkdə maraqlı olmur və bu da median sürətin bir müddətdir ki, stagnasiyada qalmasına səbəb olur.
Ümumilikdə ölkədə yüksək sürətli internet üçün infrastruktur problemi mövcud deyil. Əksər provayderlər qurulmuş şəbəkə üzərindən 1 Gbit/s və daha yüksək sürət təqdim etmək imkanına malikdir. Əsas problem provayderlərin qurulan infrastrukturun texniki imkanlarından yetərincə istifadə etməməsidir. Bunun əziyyətini istehlakçı çəkməməlidir.”








