Azərbaycanda İslam maliyyələşməsinin ayrı-ayrı alətlərini tətbiq etmək üçün mövcud qanunvericilik bazasında önəmli dəyişikliklər etməyə ehtiyac duyulmur. Bunu, öz açıqlamasında İslam bankçılığı üzrə müstəqil ekspert Behnam Qurbanzadə bildirib.
B.Qurbanzadə qeyd edib ki, Azərbaycan post-sovet məkanında ənənəvi bank qanunvericiliyi əsasında İslam maliyyələşməsi alətlərini tətbiq edən ilk ölkə olub. İslam İnkişaf Bankı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlıq müvafiq olaraq 2001-ci və 2003-cü illərdə başlayıb: “Məhz o zaman mövcud bank qanunvericiliyini pozmadan, İslam Korporasiyasından vəsait cəlb edilməklə, Murabah və İcar alətləri tətbiq edilərək Azərbaycanda ilk layihə maliyyələşdirilib”.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda İslam bankçılığının tətbiqini məqbul hesab etmədiyini bildirib. Palata mövqeyini bununla izah edib ki, bu, tamamilə fərqli tənzimləmə qaydaları tələb edir. Məsələ kredit təşkilatları tərəfindən Palata qarşısında qaldırılıb. Palata rəsmiləri isə bildiriblər ki, İslam bankçılığı ilə bağlı Mərkəzi Bankın qərarını dəstəkləyir və onun tətbiq olunmasını məqbul hesab etmir.
B.Qurbanzadə Reporta açıqlamasında həmçinin bildirib ki, bunun mümkünlüyü hələ 2011-2014-cü illərdə Azərbaycanda biznes proseslər və maliyyələşmə vasitəsilə həyata keçirilməsi yolu ilə sübuta yetirilib: “Əgər Azərbaycanda ayrıca qanunvericiliyin tətbiqi və İslam maliyyələşməsinin bütün məhsul və xidmətlərindən istifadə olunmaq istənilsə, o zaman bir sıra qanunvericilik aktlarında dəyişikliyə ehtiyac duyular. Ayrı qanunvericiliyin olması halında İslam maliyyə institutlarının yaradılması məqsədəuyğun sayılar. Və ancaq bu halda tənzimləyicinin strukturunda şəriət qaydaları ilə nəzarət mexanizminin yaradılması tələb oluna bilər. Şəriət komitələri ilə əlaqədar işlər daha asan həll olunur. Hazırda qabaqcıl İslam maliyyə institutları tərəfindən müstəqil akkreditasiya olunmuş şəriət komitələrinin cəlb olunması təcrübəsi var. Bu komitələr banklar üzərində audit və nəzarəti həyata keçirir”.
Xatırladaq ki, B.Qurbanzadə əvvəllər Azərbaycan Beynəlxalq Bankında İslam bankçılığı Departamentinin rəhbəri olub, hazırda isə Dubayda (BƏƏ) yerləşən FBS (Flexible Business Solutions) maliyyə konsaltinq şirkətində payçı və CEO kimi çalışır.