8 C
Baku
Thursday, December 12, 2024

Ekspert: Neftin qiyməti $40-a qədər düşsə, USD/AZN məzənnəsində ciddi artımlar qaçılmaz olacaq

“Büdcə gəlirlərinin təmin olunmasında çətinlik yarandıqda, Maliyyə Nazirliyi üçün manatın məzənnəsinin ucuzlaşması əsas çıxış yollarından biridir”

2019-cu ildə Azərbaycan iqtisadiyyatında gözlənilən proseslər, xüsusilə də milli valyutanın məzənnəsində mümkün dəyişikliklər hamını düşündürür. Bu il üçün artıq planlar quran, iş qurmaq, tikinti-təmir, alqı-satqı xəyalına düşən hər kəs dolların bahalaşıb-bahalaşmayacağını fikirləşir, işini ona uyğun qurmağa çalışır. Yenicə daxil olduğumuz ildə dolların məzənnəsi dəyişəcəkmi? Dollar-manat münasibətlərini hansı faktorlar tənzimləyəcək?

Suallara cavab verən iqtisadçı-ekspert Samir Əliyevin dediyinə görə, dolların məzənnəsi hazırda ölkə əhalisini narahat edən ən mühüm məsələlərdən biridir: “Bu da təbiidir. Çünki bu münasibətlər onların həyatına, sosial durumuna, gəlirlərinə birbaşa təsir göstərir. Xüsusilə Azərbaycan kimi ölkələrdə dollardan asılılığın güclü olmasına görə bu valyutanın məzənnəsindəki dəyişikliklər əhalinin həyatına dərhal təsir edir. Dollar bahalaşanda nəinki idxal malları, hətta yerli istehsal məhsulları da bahalaşır, biz Azərbaycanda bunun dəfələrlə şahidi olmuşuq. Bu baxımdan, dollar-manat münasibətlərində gözlənilən dəyişikliklərlə bağlı sualı cavablandırmaq çox çətindir”.

Ekspert deyir ki, Azərbaycanda dolların məzənnəsinə təsir edən əsas amil neftin qiymətidir: “Neftin qiyməti indiki səviyyədə və daha yüksək olacaqsa, o zaman biz dolların məzənnəsində ciddi bir dəyişiklik görməyəcəyik. Yox, əgər neftin qiyməti aşağı düşəcəksə, 50 dollar həddindən az olacaqsa psixoloji gərginlik yaranacaq. Neftin qiyməti 40 dollara qədər düşəcəksə, dolların məzənnəsində ciddi artımlar qaçılmaz olacaq. Düşünürəm ki, hökumət bu dəfə Mərkəzi Bankın valyuta ehtiyatlarını manatın məzənnəsini saxlamaq üçün xərcləməyəcək. Aşağı neft qiymətləri uzunmüddətli olacaqsa, hökumət manatın məzənnəsinin düşməsinə gedəcək. Bu prosesdə əsas məsələ Mərkəzi Bankın mövqeyi olacaq. Ölkədə inflyasiya səviyyəsi, manatın məzənnəsinin saxlanmasını həyata keçirən əsas qurum odur. Bu baxımdan, Mərkəzi Bank məzənnənin dəyişməməsində maraqlıdır. Dolların bahalaşmasında daha çox maraqlı olan qurum isə Maliyyə Nazirliyidir. Nazirlik bu prosesə büdcə, fiskal kontekstdən yanaşır. Büdcə gəlirlərinin təmin olunmasında çətinlik yarandıqda, Maliyyə Nazirliyi üçün manatın məzənnəsinin ucuzlaşması əsas çıxış yollarından biridir. Azərbaycanda da bu iki qurum arasında manatın məzənnəsinə münasibətdə fərqli baxışlar yaranır. Mərkəzi Bankın 2019-cu ildəki pul-kredit siyasətinə dair bəyanatından da görünür ki, məzənnəni dəyişmək  niyyətində deyil. Bəyanatdan aydın olur ki, Mərkəzi Bank üzən məzənnə siyasətinə real keçidi yenidən ertələyəcək və manatın məzənnəsini ilboyu fors-major hadisəsi olmasa daşlaşmış bir səviyyədə (hazırda bu hədd 1.70-dir) saxlamağa çalışacaq. Bəyanatda ”manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir” fikri hökuməti devalvasiya niyyətindən çəkindirməyə yönəlik növbəti bir mesajdır”.

samir aliyev iqtisadci
Foto: Sputnik

S.Əliyevin sözlərinə görə, indiki halda Mərkəzi Bankın məzənnəni sabit saxlamaq istəyi daha məqsədəuyğundur: “Bu, çox düzgün qərardır. Çünki iqtisadiyyat, xüsusilə də bank sektoru ilk devalvasiyaların mənfi təsirindən hələ də çıxa bilməyib. Real sektorun problemlərini həll etmədən hər hansı ciddi dəyişikliklərin aparılması ciddi fəsadlar verə bilər. Bu gün bizim qeyri-neft ixracatımız  çox zəifdirsə, idxaldan kəskin asılılığımız qalırsa, məzənnəni dəyişməyin heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan, məzənnənin ən azı ilin birinci yarısında sabit qalacağını gözləyirəm. Əgər əlbəttə, neftin qiymətində kəskin dəyişiklik olmasa”.

©Musavat.com

Son xəbərlər
Digər xəbərlər