Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası, paytaxtda görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
BŞİH-nin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimovun verdiyi məlumata görə, müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərləri iştirak ediblər:
“Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının qəbulunda olduğu zaman Prezident tərəfindən verilən tapşırıqlar, qeyd edilmiş nöqsanlar, görüləcək işlər və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Toplantıda bəzi icra hakimiyyəti başçıları ciddi tənqid ediliib.
Başçı Eldar Əzizov bildirib ki, şəhər icra hakimiyyəti və rayon icra hakimiyyəti başçıları cənab Prezidentin tutduğu iradlardan nəticə çıxarmalıdır:
“İşimizi bu böyük insanın tələblərinə uyğun qurmalıyıq. Bu gün ölkədə sistemli dəyişikliklər, inqilabi islahatlar aparılır və buna uyğun olaraq iş, forma və metodları dəyişməlidir. Tənqid və özünə tənqid normaya çevrilməlidir”.
Eldar Əzizov icra başçılarına müraciət edərək, hər bir sakinin problemini öz problemləri kimi qəbul edilməsinin vacibliyini vurğulayıb.
Müşavirədə qanunsuz tikintilərlə bağlı ölkə başçısının iradları çatdırılıb, yaradılmış park və məhəllələrin lazımi səviyyədə qorunması ilə bağlı tapşırıqlar verilib. Xüsusi olaraq vurğulanıb ki, daxil olan məlumatlara görə RİH-də və digər qurumlarda vətəndaşların müraciətlərinə bəzi hallarda lazımi diqqət göstərilmir, süründürməçilik hallarına yol verilir.
Toplantıda rüşvətxorluq və digər neqativ halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçiririlməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verildi və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alınıb.
Tədbirdə bir neçə rayon icra hakimiyyətinin başçısı çıxış edərək ölkə başçısının haqqlı iradlarından nəticə çıxaracaqlarını və qısa müddətdə lazımi tədbirlərin görəcəklərini bildiriblər.