“Azərbaycan Mərkəzi Bankı gələn ildə konservativ monetar siyasət yürüdəcək. Məzənnənin sabitliyi 2018-də diqqət mərkəzində olacaq. Valyuta bazarında sabitlik qorunacaq”.
Bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Baş bankir bildirib ki, cari ildə tədiyyə balansında profisit bərpa olunub və 1,1 mlrd. dollarlıq profisit əldə olunub.
“Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35%-lik artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyillər var. Cari ildə stareteji ehtiyatlar 12%, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib. Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Maktoiqsadi sabitliyin ilkin əsasları yaranıb.”
E.Rüstəmov qeyd edib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir: “Kredit portfelində aktivlik müşahidə olunmur. Azərbaycan Mərkəzi Bankının strelizasiya alətlərinə ehtiyacı çoxdur. İnflaysiyanı əsasən qeyri-monetar amillər şərtləndirir. Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymətinin artması, ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub”.