“Apelyasiya Komissiyası və hər bir bankda İşçi Qrupu yaradılıb, vətəndaşların qəbulu həyata keçirilir”
Məlum olduğu kimi, prezident fərmanına uyğun olaraq problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb. Çox böyük miqyaslı bir proses olduğundan müəyyən problemlərlə də müşayiət olunub. Vətəndaşlarda xeyli suallar var. “Yeni Müsavat” olaraq bütün bunlara Azərbaycan Banklar Assosiasiyasının eksperti Elman Sadıqovla birgə aydınlıq gətirdik.
– Elman müəllim, prezident fərmanı ilə bağlı hazırda bank sektorunda hansı işlər görülür? Problemli kreditlər üzrə kompensasiyaların qaytarılması ilə bağlı proses nə yerdədir?
– Hazırda fərmanla bağlı bir sıra işlər başa çatıb. Cənab prezidentin imzaladığı fərman böyük bir əhali kütləsini əhatə edir. Həm də məbləğ olaraq böyük məbləğ vəsaitin kompensasiya olaraq verilməsindən söhbət gedir. Məsələnin bir çox riskli tərəfləri var idi. Çünki fərman vətəndaşın bir bankda deyil, bütün banklarda olan borclarının cəmi məbləğini əsas götürür. Bir vətəndaşın bütün banklarda olan borcları 10 min dollardan çox deyilsə, bu kompensasiya verilir. Bu sənədə uyğun olaraq hər bir vətəndaşın bütün banklarda olan borcları hesablanmalı və qərar verilməli idi. Bu kifayət qədər çətin proses idi. Maliyyə Bazarlarına Nəzarət Palatası bütün prosesi öz üzərinə götürdü. Bütün banklardan gələn məlumatlar Palata tərəfindən emal olundu, araşdırıldı, birləşdirildi. Özləri tərəfindən də bir proqram təminatı işlənildi. Həmin proqramlaşdırma əsasında vahid siyahı hazırlandı. Həmçinin şəffaflığı təmin etmək, insan amili ilə bağlı risklərə yol verməmək üçün proqramlaşdırma həyata keçirildi. Subyektiv amillər aradan qaldırıldı. Palata tərəfindən hazırlanan siyahı məhz problemli kreditlər üçün hazırlanmış portala əlavə olundu. Hər bir vətəndaş həmin portala daxil olaraq, onun üçün hesablanan kompensasiyanın məbləği, həmin vəsaitdən digər gecikən kredit borclarına yönəldilən məbləğlə tanış ola bilər. Əgər vətəndaş bütün kreditlərini tam bağlayıbsa və ya bütün kreditlər ödənildikdən sonra sərbəst qalan vəsait varsa, həmin məbləğ kompensasiya məbləği olaraq göstərilir və bank tərəfindən ödənilir. Əgər vətəndaşın 28 fevral 2019-cu il tarixdə 360 gündən çox gecikməsi olan, ödənilməyən krediti varsa, bu fərmana görə həmin vəsaitin də restruktruzasiya olunması barədə məlumat portalda öz əksini tapıb. Kifayət qədər geniş həcmli bir işdir. İlkin mərhələdə əsas məsələ siyahının hazır olması idi ki, Palata bu işin öhdəsindən gəldi. Ancaq problemlər də var idi, ötən 4 ildə vətəndaşlar yaşayış ünvanlarını, telefonlarını, sənədlərini dəyişiblər, xaricə gedənlər olub. Bu vətəndaşları tapmaq da çətin oldu. Bu proses hələ də davam etməkdədir. Palata da məsələyə obyektiv və demokratik yanaşdı. Palata rəhbərliyinin də mövqeyi belə idi ki, fərmanın əhatə etdiyi hər bir vətəndaş bundan yararlanmalıdır, heç bir vətəndaş kənarda qala bilməz. Siyahı hazır olduqdan sonra qeyd etdiyimiz səbəblərdən hər hansı vətəndaşların adı siyahıda tapılmayıbsa və ya başqa problemlər varsa, onlara öz sözlərini demək üçün geniş şərait yaradılıb. Palatada Apelyasiya Komissiyası yaradılıb. Hər bir bankda İşçi Qrupu yaradılıb. Hər bir bankda İşçi Qrupu üçün xüsusi otaq yaradılıb, orada vətəndaşların qəbulu həyata keçirilir. Palata da əlavə olaraq portal yaradıb, hər bankda bir nəfər məsul şəxs təyin olunub, Palata bütün bu məsələləri həmin şəxs vasitəsilə koordinasiya edir. Apelyasiya Komissiyasına müraciət edən bütün vətəndaşların şikayətləri aidiyyəti banklara yönləndirilir. Həmin banklar vətəndaşların kreditləri ilə bağlı sənədləri portala yükləyirlər, bu iş çox operativ aparılır, 1 iş günü ərzində proses həll olunur. Ondan sonra hazır sənədlər Palatanın portalına yükləndikdən sonra Apelyasiya Komissiyası müvafiq qərar qəbul edir. Hər bir vətəndaşa burada fərdi yanaşılır. Məsələ geniş araşdırılır və qərar qəbul olunur.
– MBNP qısa müddətdə sürətli bir iş apardı, yüz minlərlə insanın krediti ilə bağlı sənədlər araşdırıldı, siyahı hazırlandı. Bir qədər də bu işin mətbəxindən danışardınız. Həmin günlərdə orada nələr yaşandı?
– Bu, həqiqi mənada nümunəvi bir proses oldu. Bu bənzəri olmayan bir fərmandır. Geniş əhali kütləsini əhatə edən belə fərmana dünya ölkələrinin təcrübəsində rast gəlməmişəm. Bu fərmanın icrası da inqilabi bir proses oldu. Bütün aidiyyəti dövlət orqanları səfərbər oldu, hərəsi öz əlindən gələni etdi. Ancaq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının kollektivi və rəhbərliyinin işinin birbaşa şahidi olmuşam. Onlar gecə-gündüz bilmədən, şənbə-bazar bilmədən, mart ayında bayram günlərində dincəlmədən işləyiblər. Gecə saat 12-də bizə zəng ediblər, təəccüblənmişik ki, siz dincəlmirsinizmi? Deyirdilər ki, təki vətəndaşlarımız bu fərmandan faydalansın, biz sonra da dincələ bilərik. Bu şəkildə ürəkdən işlədilər, can qoydular, qısa müddətdə belə geniş bir iş gördülər. Üstəgəl, Apelyasiya Komissiyasının yaradılması, vətəndaşların hər birinin qəbulu, şikayətlərinə fərdi şəkildə baxılması çox böyük işlərdir. Bunun miqyasını, nə qədər məsuliyyətli yanaşma tələb etdiyini bank işçiləri daha yaxşı bilərlər. Üstəgəl, bu sahədə heç bir mövcud təcrübə yox idi, bu bir ilkdir.
– Elman müəllim, fərmanda manatla olan problemli kreditlər də nəzərdə tutulub. O istiqamətdə hansı iş aparılır?
– Bəzən bu məsələni bir qədər qarışdırırlar. Fərman iki hissədən ibarətdir, birincisi dollarla verilən kreditlər üzrə kompensasiya məsələsidir ki, bütün banklardakı borcu 10 min dollara qədər olan şəxslərə hər iki devalvasiya zamanı dəyən ziyan ödənilsin. Bu fərq 2015-ci ilin 21 fevral tarixinə dollar kreditləri üzrə əsas kredit borcuna hər bir dollar üçün 25 qəpik, 21 il dekabr 2015-ci il tarixə isə əsas məbləğ üzrə qalıq borcda hər bir dollar üçün 60 qəpikdir. Bu fərmanın birinci hissəsidir, kredit müqaviləsinin bağlanma tarixi ilə bağlı məhdudiyyət yoxdur.
“Vətəndaş ona kompensasiya düşdüyünü düşünürsə, ancaq adı siyahıda yoxdursa, bununla bağlı çəkinmədən Apelyasiya Komissiyasına müraciət etsin” |
Fərmanın ikinci hissəsi isə manatla kredit götürən, lakin onun ödənilməsi ilə bağlı çətinlik çəkənlər və 28 fevral 2019-cu il tarixdə 360 gündən çox gecikməsi olanlar üçün 17 min manata qədər olan kreditlərin də restruktruzasiya olunmasını nəzərdə tutur. Lakin burada 2012-ci il yanvar ayının 1-dən etibarən bağlanan kredit müqavilələri nəzərdə tutulur. Bu da təbiidir, çünki daha öncə bağlanan kredit müqavilələri onsuz da ödənilib. Restruktruzasiya olunan məbləğ kreditin əsas məbləğidir, dəbbə və hesablanan faizlərin bank tərəfindən silinməsi banklara tövsiyə olunub.
– Bu bir tövsiyədir və banklar buna əməl etməyə də bilərlər?
– Bank Assosiasiyasında bank rəhbərləri ilə görüşlər keçirilib və orada bank rəhbərləri də nəzərə alıblar ki, bu cənab prezidentin tövsiyəsidir və vətəndaşlar üçün atılan bir addımdır. O baxımdan banklar bu tövsiyəyə əməl edəcəklər. Palatanın portalında da restruktruzasiya ilə bağlı məsələdə əsas məbləğin restruktruzasiya olunması göstərilir. Banklar Assosiasiyası özü də bu məsələdə xüsusilə aktivdir, Palata ilə də dialoqdadırlar. Ancaq vətəndaşlarda yanlış bir fikir yaranmasın ki, banklar bütün kreditlər üzrə faiz və dəbbə pullarını siləcəklər, sadəcə, fərmanın əhatə etdiyi kreditlər üzrə bu aparılacaq. Fərman 17 min manata qədər olan və 28 fevral 2019-cu il tarixdə 360 gündən çox gecikməsi olan kreditləri əhatə edir.
– Bəzi vətəndaşların adları ilkin siyahıda olub, lakin sonradan onların adı siyahıda çıxmayıb. Bunun səbəbi nə ola bilər?
– Burada müxtəlif səbəblər, texniki məsələlər ola bilər. Hər hansı vətəndaşa ilkin olaraq kompensasiyaya düşməsi hesablansa da, sonradan həmin vətəndaşın digər banklarda da borclarının olması və 10 min manatı keçməsi müəyyən edilə bilər, bu səbəbdən adı siyahıdan çıxarılar. Hər hansı digər səbəblər də ola bilər. Ona görə də vətəndaşlara geniş şərait yaradılıb. Palata tərəfindən Apelyasiya Komissiyası yaradılıb, adı çıxmayanlar oraya müraciət edə bilərlər. Bu müraciətdə hansı kreditlər götürdüklərini qeyd etməlidirlər və Palata həmin banklara müraciətlər ünvanlayacaq, banklar tərəfindən sənədlər portala yüklənəcək və vətəndaşın kreditinə fərdi yanaşılacaq. Burada narahatlığa əsas yoxdur. Vətəndaş ona kompensasiya düşdüyünü düşünürsə, ancaq adı siyahıda yoxdursa, bununla bağlı çəkinmədən Apelyasiya Komissiyasına müraciət etsin. Burada hər hansı müraciətin nəzərdən qaçma ehtimalı sıfıra bərabərdir.
– Elman müəllim, portalda adı olanlar və kompensasiya alacağı ilə bağlı informasiya əldə edənlər haraya müraciət etməlidirlər?
– Artıq kompensasiyanın ödənilməsinə başlanılıb. Bu, geniş əhali kütləsini əhatə etdiyi üçün məsələlər mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə vətəndaşlara hesablanan kompensasiya onların digər banklardakı qalıq borclarının ödənilməsinə yönəldildi və vətəndaş digər kredit yükündən də müəyyən qədər azad oldu. Əgər yerdə sərbəst vəsait qalıbsa, banklar filiallar üzrə siyahılar tərtib edib o siyahıya uyğun dəvət edirlər. Onların mobil telefonuna SMS göndərirlər ki, filan tarixdə, filan filiala yaxınlaşa bilərsiniz. Çünki vətəndaşın vaxtı da bizim üçün dəyərlidir. Burada vaxt itkisi minimum olur, vətəndaş basabas, növbə, ajiotaj və sairlə üzləşmir. O səbəbdən adı siyahıda olan, lakin SMS almayan vətəndaşlarımız tələsməsinlər. Bu proses 3 gündür başlayıb, mayın 28-nə kimi davam edəcək. Hələ ki vaxt var. Ancaq vətəndaşlar həyəcan keçirməsinlər ki, mayın 28-nə kimi kompensasiyalarını ala bilməyəcəklər. Bu proses davam edəcək, şikayətlərin qəbulu və araşdırılması işi aparılacaq. Burada vaxt bitdi, məsələ bitdi söhbəti yoxdur. Hər bir vətəndaşın haqqı varsa, bu fərmandan faydalanacaq.
– Elman müəllim, ardıcıllıq necə qurulub, məbləğ azdan çoxa doğru ödənilir , yoxsa…?
– Banklar müxtəlif prinsiplərə əsasən tərtib etdikləri siyahıya görə dəvət edirlər. Bəzi vətəndaşlar rayona köçübsə, həmin filiala yönəldirlər, bəziləri ünvanını dəyişib. Məsələn, bir filialdan 200 nəfər vətəndaşa kompensasiya ödəniləcəksə, onlardan hər gün bir hissəsi dəvət edilir, heç bir ayrı-seçkilik qoyulmur.
– Sonrakı proses nə olacaq? Restruktruzasiya işlərinə nə zaman başlanılması gözlənilir?
– Təxminən 10 gündən sonra fərmanın ikinci hissəsinin icrasına, yəni kreditlərin restruktruzasiyasına başlanılacaq. Ona görə də bankların özlərinin də marağındadır ki, kompensasiyalar ödənilsin, rahat bir şəkildə restruktruzasiya işlərinə baxılsın. Bu prosesdə də banklar SMS vasitəsilə vətəndaşlara müraciət edəcəklər, onları dəvət edəcəklər. Bu prosesin müddəti daha uzundur, bu ilin 31 dekabrına qədər davam edəcək. Vətəndaşlara bir tövsiyəm var ki, banklar tərəfindən gələn dəvətlərdə aktiv olsunlar, operativ həll etsinlər. Bu, vətəndaşların özü üçün də müsbət nəticələrə gətirib çıxaracaq. Çünki problemli krediti olan vətəndaşlar başqa banklardan kredit götürməyə çətinlik çəkirdilər. Restruktruzasiyanın verdiyi imkanlardan faydalansınlar, normal qrafiklə, birinci ili güzəşt müddəti olmaqla, 5 il ərazində borcu ödəsinlər. İllik faiz cəmi 1 faiz olacaq. Burada dəbbə pulu da 0,1 faizdən çox ola bilməz. Çox yüngülləşdirici amillər var. Bu müqavilənin şərtləri öncəki müqavilədən qat-qat yüngül olacaq, heç bir halda ağır ola bilməz.
©Müsavat