Elmir Nəcəbov: “Sevdiyin insanla vaxt keçirməkdən necə həzz alırsansa, işini də elə sevməlisən”
Uşaqlıqdan “böyüyəndə nə olmaq istəyirsən?” sualına “varlı olacam” deyə cavab verib. Atasının iflas etməsi, anasının xəstələnməsi onu 9 yaşından işləməyə məcbur edib. 9 yaşından məqsədləri olan, mübarizə aparan, qazanmağın yollarını öyrənən “uşağa” çevrilib və dediyi kimi böyüyəndə bütün uşaqların cavablandırdığı kimi nə həkim, nə polis, nə də müəllim olub. O, zəhmət, alın təri, istirahətsiz günlər, yaşamadığı uşaqlığı hesabına varlı olub…
Elmir Bərdədə anadan olub. Evin böyük oğlu olduğu üçün atasının işlərinə kömək etmək məcburiyyətində qalıb: “Atam bazarda yarmarkada paltar satırdı. 4-cü sinifdən sonra atamın işlərinə kömək edirdim. Mal gətirməyə gedəndə, yarmarkaya mən baxırdım. Hətta atamın yanında özüm də su, tənək yarpağı, kəndlərdən yığdığım böyürtkənləri satırdım. Sonra atam iflas etdi və Rusiyaya işləməyə getdi. Mənə də ticarətlə məşğul olmağı qadağan etdi ki, ticarətdə pul yoxdur. Məni 9-cu sinifdə oxuyarkən sənət öyrənməyim üçün maşın ustasının yanına qoydu”.