6 C
Baku
Sunday, December 15, 2024
Home Məqalələr Biznes məqalələri Ağıllı risklər etməyi sevən zəhmətkeş azərbaycanlı biznesmenin uğur hekayəsi

Ağıllı risklər etməyi sevən zəhmətkeş azərbaycanlı biznesmenin uğur hekayəsi

0
Ağıllı risklər etməyi sevən zəhmətkeş azərbaycanlı biznesmenin uğur hekayəsi
Elmir Nəcəbov: “Sevdiyin insanla vaxt keçirməkdən necə həzz alırsansa, işini də elə sevməlisən”

Uşaqlıqdan “böyüyəndə nə olmaq istəyirsən?” sualına “varlı olacam” deyə cavab verib. Atasının iflas etməsi, anasının xəstələnməsi onu 9 yaşından işləməyə məcbur edib. 9 yaşından məqsədləri olan, mübarizə aparan, qazanmağın yollarını öyrənən “uşağa” çevrilib və dediyi kimi böyüyəndə bütün uşaqların cavablandırdığı kimi nə həkim, nə polis, nə də müəllim olub.  O, zəhmət, alın təri, istirahətsiz günlər, yaşamadığı uşaqlığı hesabına varlı olub…

Müsahibimiz Azərbaycanda 6, Rusiyada 2 mağazası olan, Türkiyədə böyük bir şirkətin satış müdiri işləyən, Türkiyə universitetlərində “ilin gənc biznesmeni” seçilən Elmir Nəcəbovdur.

Elmir Bərdədə anadan olub. Evin böyük oğlu olduğu üçün atasının işlərinə kömək etmək məcburiyyətində qalıb: “Atam bazarda yarmarkada paltar satırdı. 4-cü sinifdən sonra atamın işlərinə kömək edirdim. Mal gətirməyə gedəndə, yarmarkaya mən baxırdım. Hətta atamın yanında özüm də su, tənək yarpağı, kəndlərdən yığdığım böyürtkənləri satırdım. Sonra atam iflas etdi və Rusiyaya işləməyə getdi. Mənə də ticarətlə məşğul olmağı qadağan etdi ki, ticarətdə pul yoxdur. Məni 9-cu sinifdə oxuyarkən sənət öyrənməyim üçün maşın ustasının yanına qoydu”.

1509622232 elmir4
– Elmir bəy, CV-nizdə iki universitetdə təhsil aldığınız qeyd olunub. Hətta Türkiyədə təhsilinizi hələ bitirməmisiniz. Məktəbə çox az getdiyiniz halda necə oldu ki, universitetə qəbul oldunuz?
– Dostlarım, sinif yoldaşlarım universitetə hazırlaşırdı. Düzdür, mən universitetin nə olduğunu bilmirdim, sadəcə Bərdədən çıxıb, Bakıda işləmək üçün yollar axtarırdım. Əslində oxumağa, təhsilə çox maraqlı idim. 4-cü sinfə qədər də “əla” qiymətlərlə oxuyurdum. Lakin işləmək məcburiyyətində olduğum üçün məktəbə çox gec-gec gedirdim. Atama dedim ki, mən oxumaq istəyirəm. Atam razılaşmadı. Deyirdi ki, hər gün məktəbə, hazırlığa gedən uşaqlar universitetə daxil ola bilmir, sən necə oxuyacaqsan! Get işinlə məşğul ol. Mən də ustalığı öyrənmişdim, amma sevmirdim. Pul qazanmaq üçün vasitə kimi istifadə edirdim. Atama qulaq asmadım və işdən çıxandan sonra repetitor yanına hazırlığa gedirdim. İşdən qazandığım pulun bir qəpiyini belə xərcləmədən müəllimlərə verirdim. Sonra gördüm ki, çox zəifəm və iki müəllimlə hazırlaşmaq mümkün deyil. Müəllim tutmağa pulum da kifayət etmirdi. Sonra mal bazarında işləməyə getdim. Qohumumuz 3 qoyununu mənə vermişdi ki, satım. Gördüm ki, bazar çox istidir, hamı sərinləmək üçün vasitələr axtarır. Bazarda ayran satmaq qərarına gəldim. Yerdəki butulkaları yığıb evdə yudum. Bir balon qatıq alıb, ayran düzəldib satırdım. Çox yaxşı gəlirim olurdu. Qışda isə anamın bişirdiyi peraşkiləri satırdım. İmtahanlarda Aviasiya Akademiyasına qəbul oldum. Lakin təhsil pullu idi. Ailəmin onu ödəyəcək imkanı yox idi. Həmin vaxt anam xəstəxanada yatırdı. Vəziyyətimiz o qədər pis idi ki, sevinə-sevinə atama deyəndə ki, universitetə qəbul olmuşam, reaksiya vermədi. Təsəvvür edin evdə bir qəpik pul yoxdur ki, Bakıya gəlib qeydiyyatdan keçim. Borc pul alıb təhsil haqqımı ödədim. Bakıda isə səhər dərsə gedirdim, axşam da məşhur restoranların birində gecə növbəsində işləyirdim. Qalmağa yerim yox idi. Bir həftə dərsdən sonra iş saatım çatana qədər metroda vaqona minib ilk stansiyadan sona qədər yatırdım. Sonra Akademiyanın yataqxanasında ev verdilər. Maaşımın bir qismi ilə lotereya oynayırdım. İstirahətsiz, hamının yerinə işlədiyim üçün maaşımı ikiqat verirdilər. Sonra dostumun köməyi ilə Türkiyəyə universitetə hazırlaşdım. Ailəm icazə verməsə də, yenə qarşı çıxıb burdakı təhsilimi dondurub Türkiyəyə getdim. Çanaqqala 18 mart Universitetində ekonometriya ixtisasına qəbul oldum. Türkiyədə də dərsdən sonra fəhlə işləyirdim. Restoranda işə götürmürdülər, yarı maaşa razılaşıb boş vaxtımda restoranda işlədim.
1509622220 elmir5
– Türkiyədə ilin gənc biznesmeni seçilmisiz? Bəs biznes həyatı necə başladı?
– Bir gün evdə çox darıxırdım. Düşündüm ki, facebookda səhifə açım və insanlarla ünsiyyətə girim. Evdə dostumun gitarası gözümə sataşdı və gitarayla bağlı səhifə açdım. Gitara haqqında məlumatlar, gitara dərsləri verməklə ilə əlaqəli linklər paylaşırdım. Səhifə böyüdü və gitara almaq istəyənlərin sayı çoxaldı. Gitara qiymətləriylə maraqlandım gördüm ki, Azərbaycanla Türkiyə arasında çox fərqlər var. Buradan alıb Azərbaycana alıcılara göndərirdim. Daha sonra müəllimlərlə danışıb Azərbaycanda kurs açdım. İki otaqlı ofis kirayə götürdüm və bir müəllimə də tapdım. Birinci ayda 35 manatdan 250 tələbə müraciət etdi. Kirayənin və müəllimin pulunu da 250 tələbədən aldığımız pul hesabına ödədik və getdikcə tələbələrin sayı çoxaldı. Artıq ofisimizi böyütməyə başladım və otağın birini də gitara mağazası etdik. Daha sonra İnstagramda “pıçıltı səhifəsi” var idi. Onların məhsullarını instagram üzərindən satmağa başladım və səhifəyə yaxşı qiymət təklif edib aldım. Hazırda 500 minə yaxın izləyicisi var. Tələbatın çox olduğunu görüb kiçik kosmetika mağazası açdım və qısa vaxtda böyüdük. Türkiyədə bir neçə şirkətin məhsullarını Azərbaycanda satırdım, onların reklam işlərini görməyə başladım. Satışlarını 30 qat artırdım. Hazırda onlar böyük kosmetika mağazalar şəbəkəsi açacaqlar və 50 faiz ortağı mən olacam. Moskvada isə şəxsi markam olan açıq parfüm satıram. O, parfümləri Qazaxıstana, Türkmənistana göndəririk.
1509622277 elmir6
 – 4-cü sinifdən işləmək çətin deyildi ki?
– Uşaq vaxtı “böyüyəndə nə olacaqsan” sualına “varlı olacam” deyə cavab verirdim. Çünki anam xəstələndi və biz pulsuzluqdan əziyyət çəkirdik. Ailəmi yaxşı vəziyyətdə görmək istəyirdim. Mən heç vaxt sıradan insan olduğumu qəbul etməmişəm. İnsan həyata bir dəfə gəlir. Bir dəfə yaşayıb istədiyimi yeyib-içə bilməyəcəyəmsə, istədiyimi ala bilməyəcəyəmsə niyə yaşayıram… Həmişə belə düşünürdüm. Ona görə dayanmadan işləmişəm. Yuxu nədir bilmirdim. O qədər məqsədli idim ki, hətta gitara kursunu açanda yaxşı gəlirim var idi, amma axşamlar da, “moyka” da işləyirdim. İşim də olsa fikirləşirdim ki, daha çox qazanmalıyam.
– Bəzi gənclər “su satmaq”, “yer süpürmək”, “tualet təmizləmək” kimi işlərdən utanır. Siz bu yerə gəlmək üçün demək olar ki, hər işi görmüsünüz. İşdən utanan insanlara nə demək istərdiniz?
– Pul qazanmaq ayıb deyil. Əgər məqsədin varsa və heç kim möhtac olmadan daş atıb pulunu qazanırsansa, bu, təqdirəlayiqdir. Ayıb olan işləmək potensialın olduğu halda, haram pul qazanmaqdır, kiməsə möhtac olmaqdır. Mən tualet də təmizləmişəm, yer də süpürmüşəm, su da satmışam. Yadımdadır, Türkiyədə ofisiant işləyirdim qrup yoldaşlarım restorana gələndə, onların ayaqlarının altını süpürürdüm. Heç vaxt işlərimdən utanmamışam. Komplekslərim olmayıb və məqsədimə də çatmışam.
1509622305 elmir33
– Karyera yolunda ailənin dəstəyi olmadan hərəkət etmisiniz. Dəstəksiz bir yola baş vurmaq çətin deyildi ki?
– Atam hələ də gördüyüm bütün işlərə əks mövqedədir. Heç vaxt mənə dəstək olmayıb və inanmayıb. Özü ticarətdə uğurlu olmadığı üçün məni də bu işdən kənarlaşdırmaq istəyib. Mən ağıllı risklər etməyi sevirəm və yenilikçiyəm. Atam isə deyir ki, bunu əldə etdin, daha bəsdir. Atamda itirmək qorxusu var. Biznesdə düz xətlə hərəkət etmək olmaz. Ağıllı risklər etmək lazımdır ki, inkişaf edəsən. Risk olan yerdə inkişaf da olur. Mən bir işə girərkən hər şeyin statistikasını aparır, itirə biləcəklərimi nəzərə alıb, sonra başlayıram.
– Uğurlu olmaq üçün yalnız ağıllı olmaq kifayətdirmi?
– Ağıldan əlavə şans və bacarıq da olmalıdır.
– Biznesdə səhv addım insanı zirvədən ən dibə qədər sala bilər. Atanız da məhz bundan qorxur. Bəs siz necə?
 – Məncə, hər şeyin çıxış yolu var. Dibdə olsan belə, bilməlisən ki, dibin də dibi var. Ona görə yıxılmaqdan qorxmamaq və daim yuxarıya doğru çıxmaq lazımdır. Uğursuzluqdan da nə isə öyrənmək mümkündür. Əgər öyrənə bilirsənsə, bu gələcəkdə sənin uğuruna çevrilir.
– İstirahətsiz işləmisiniz… hətta kifayət qədər gəliriniz olanda belə, “moykada” çalışmağa davam etmisiniz. İstirahət sizin üçün nədir?
– Öncə çalışmaq, sonra istirahət etmək lazımdır. Əgər istirahət haqqımdırsa, edərəm. Mən hələ özümü istirahətə layiq bilmirəm. Gənclik enerjimi və vaxtımı istirahətə yox, işləməyə, yeniliklər gətirməyə sərf etməliyəm. Yaşlandıqdan sonra istirahət istəsək də, istəməsək də olacaq. Həyat özü marafondur və hamı qaçır. Kim irəli qaçsa, uğur qanacaq. Bu səbəbdən nə qədər ki, enerjim var, dayanmamalıyam.
1509622254 elmir1
– Uğurun formulu nədir?
– Mənə görə, uğurun formulu çalışmaq, risk etmək, yenilikçi olmaq və şansdır. Ən önəmlisi isə sevdiyin işi görməkdir. Sevdiyin insanla vaxt keçirməkdən necə həzz alırsansa, iş də elə olmalıdır. Məcbur gördüyün və pul qazanmaq üçün etdiyin işdən bir müddət sonra bezirsən.
 
– Gənclərimizə nə demək istərdiniz?
– Əvvəlcə özünü kəşf etməli və sonra həmin işin ardınca getməlisən. Hamı bütün işləri mükəmməl bilə bilməz. Mən hər sahədə özümü yoxlamışam. Bacara bildiyin işi gör. Məcbur deyil ki, sən oxuyub hüquqşünas olmalısan. Bəlkə peşəkar futbolçu və ya usta olacaqsan… İnsanlar özünü tələbəlik vaxtı kəşf etməli və məhz o illərdən işləməyə çalışmalıdır ki, universiteti bitirdikdən sonra hazır kadr olsun. Tələbə vaxtını ancaq əylənməyə sərf edəndə, universitet bitdikdən sonra narazılıq edir ki, iş yoxdur. Sonra əsgərlik, ailə, uşaq… Bir də ayılırsan ki, həyatda heç nə etməmisən, ot kimi yaşayıb getmisən. Tələbəlik vaxtından işləməyəndə tənbəlliyə o qədər öyrəşirsən ki, artıq işdən, çətinlikdən qorxursan. Bir də hansı işi görürlərsə, mütləq rəqabətdə olmalıdırlar. Rəqabət inkişafa aparır.