7 C
Baku
Sunday, December 15, 2024

Əmək məzuniyyəti hissələrə bölünərək verilə bilərmi?

İşçilərin və müəssisələrin qarşılıqlı vəzifə və öhdəlikləri Əmək Məcəlləsi ilə tənzimlənir. Bu öhdəliklər arasında məzuniyyət mövzusu həmişə aktuallığını saxlayır. İşçilərin tam və qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüquqlarına Əmək Məcəlləsi ilə təminat verilir. Hər bir işçi il ərzində neçə gün məzuniyyətə çıxa bilər, məzuniyyətdən istifadə hüququ nə zaman yaranır, neçə növ məzuniyyət var, məzuniyyət haqqı necə hesablanır?

Bu və digər sualları Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə cavablandırıb.

– Əmək Məcəlləsinə əsasən hər bir işçi il ərzində minimum neçə gün ödənişli əsasda məzuniyyətə çıxa bilər?

– Məzuniyyətin əsas məqsədi işçinin iş mühitindən ayrılaraq sağlamlığının mühafizəsi məqsədilə istirahət etməsi, peşə əmək qabiliyyətinin qorunmasıdır. Bu baxımdan, nəzərdə tutulmuş əmək məzuniyyəti hüququnun təmin edilməsi mütləqdir.

İşçilərə ödənişli əsasda məzuniyyət bir iş ili ərzində 21 təqvim günündən az olmayaraq verilir. İşçinin həmin müddətdə hər il mütləq formada əmək məzuniyyətindən istifadə etməsi vacibdir. Başqa sözlə, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyənləşdirilmiş qaydada 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.

Aqrar sektorda çalışan işçilərə, dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə, təhsil müəssisəsində pedaqoji işlə məşğul olmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, metodistlərə, istehsalat təlimi ustalarına, təlimatçılara, kitabxanaçılara, laborantlara, emalatxana rəhbərlərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə, dayələrə, xidmətçilərə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçilərinə və əczaçılara, eləcə də Əmək Məcəlləsinin müvafiq maddələrində qeyd olunmuş digər işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.

– Məzuniyyətdən istifadə hüququ nə zaman yaranır və onun hansı növləri var?

– Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçilərin hər il bu məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə sosial, ödənişsiz, təhsil məzuniyyətindən istifadə etmək hüququ var. Əsas və əlavə, təhsili davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən məzuniyyətin yaradıcılıq, təhsil, eləcə də sosial, ödənişsiz olmaqla bir sıra növləri var.

– Əmək məzuniyyəti hissələrə bölünərək verilə bilərmi?

3

-Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər. Bir şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmamalıdır. Məzuniyyətin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin istəyi ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

– Bəs qismən ödənişli sosial məzuniyyət hansı hallarda verilir?

– İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyənləşdirilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin Əmək Məcəlləsinin 117-ci maddəsi ilə müəyyənləşdirilmiş əlavə və 127-ci maddəsində nəzərdə tutulmuş qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdir. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Qismən ödənişli sosial məzuniyyət müddəti əmək stajına daxil edilmir. Əmək Məcəlləsinin 117.1-ci maddəsinə əsasən bütün əsas və əlavə əmək məzuniyyətinin müddətindən asılı olmayaraq 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, həmin yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

– İş stajından asılı olaraq əsas əmək məzuniyyətinə əlavə məzuniyyət neçə gün artırılır?

– İşçilərin beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü, on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda isə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

Eləcə də zərərli və ağır işlərdə çalışan, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərin əlavə məzuniyyət hüququ var. İş şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

– Ödənişsiz məzuniyyətdən istifadə hüququ qanunvericiliklə necə tənzimlənir?

-Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ var. Ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyənləşdirilən ödənişsiz məzuniyyət verilə bilər.

– İstifadə olunmamış məzuniyyət müddətinə görə kompensasiya ödənilməlidirmi?

– İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Məzuniyyət işçinin işlədiyi günlərə görə formalaşdığı üçün hansı müddət işləməsindən asılı olmayaraq qazanılmış məzuniyyət günlərinin kompensasiyası ödənilməlidir. İşçiyə işlədiyi müddətdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya hesablanarkən həm əsas, həm də əlavə məzuniyyətlərə görə kompensasiya hesablanır. Yəni məzuniyyət günlərinin əməkhaqqını müəyyən etmək üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının ümumi məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır. Alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.

Birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququna gəlincə isə, bu hüquq əmək müqaviləsinin bağlandığı andan azı altı ay işlədikdən sonra yaranır.

– İşçiləri məzuniyyətlə bağlı hansı məsələlər daha çox maraqlandırır?

– Təcrübə göstərir ki, insanları ən çox maraqlandıran məsələlərdən biri məzuniyyətin verilmə vaxtı və ondan necə istifadə olunmasıdır. Əmək Məcəlləsinə əsasən, əgər işçinin məzuniyyət hüququ varsa, şəxs onu istədiyi vaxt götürüb istirahətə gedə bilər. Yəni məzuniyyət vəzifə yox, hüquqdur. İşçinin məzuniyyətə çıxma vaxtını işəgötürən müəyyənləşdirə bilməz.

Əmək Məcəlləsinə əsasən, işçiyə müvafiq əməkhaqqı ödənişi məzuniyyətin başlanmasına üç gün qalmış həyata keçirilməlidir. Əgər vəsait ödənilməyibsə, o halda işçi məzuniyyətin başlanma vaxtını ona əməkhaqqının faktiki verildiyi gündən hesablanmasını tələb edə bilər. Təsəvvür edin ki, müəssisə və ya təşkilat rəhbəri işçini məzuniyyətə əməkhaqqını ödəmədən çıxarır. Belə olan halda, o, evdə oturaraq günlərini boşuna keçirəcək və məzuniyyət hüququndan yetərincə yararlana bilməyəcək.

Habelə vətəndaşlar bunu da bilməlidirlər ki, onlar məzuniyyətdə olduqları müddətdə işəgötürən işçilərin əmək müqaviləsini ləğv edə bilməz. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətə buraxılması və onun müddətinin bitdiyi gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər