Enerji içkilərinin istehsalına və satışına nəzarət gücləndirilir

0

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanda enerji içkilərinin istehsalı və satışının tənzimləməsinə dair mexanizmlər hazırlanıb və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Enerji içkilərinin tənzimlənməsi beynəlxalq standartlara əsasən həyata keçirilir: “Qida Təhlükəsizliyi İnstitutunun nəzdində elmi-texniki şura fəaliyyətə başlayıb. Şuranın tərkibinə daxil olan alimlərin, yerli və beynəlxalq ekspertlərin birgə rəyinə əsasən, enerji içkilərinə dair tənzimləmə mexanizmi hazırlanıb və təsdiq üçün təqdim olunub”.

Agentliyin sədri qeyd edib ki, hazırlanmış sənəddə adı göstərilmiş stimullaşdırıcı maddələrdən iki və daha artığı olan içkilər Azərbaycanda enerji içkisi hesab olunacaq. Tərkibində tək halda kofeinin miqdarı 100 millilitr üzrə 15 milliqram olan içki enerji içkisi sayılmadığı halda, bu göstərici 15-32 milliqram olarsa, enerji içkisi hesab olunur. 100 millitrdə 32 milliqramdan yuxarı kofein olan içki isə insan sağlamlığı üçün təhlükəli məhsul sayılır. Ona görə də həmin miqdardan artıq olan sərinləşdirici içkilərin idxalına, istehsalına və satışına qadağa qoyulacaq.