16 C
Baku
Thursday, April 25, 2024

Banklararası kredit

0

Banklararası kredit

Banklararası kredit  — bankların cari likvidliyi dəstəkləmək üçün bir-birinə təqdim etdiyi kredit, pul bazarı alətidir.

Bankların bu kredit növündən istifadə etməsi onlara öz vəsaitlərindən daha rasional olaraq istifadə etməyə imkan verir. Sadə dillə desək, bir bank hazırda istifadə etmədiyi vəsaitləri adətən kiçik bir faizlə başqa bir banka borc olaraq təqdim edir. Başqa bir bankdan qısa müddətlik kreditlərin əldə edilməsi imkanı kredit təşkilatlarına öz likvidliyini qorumağa, yəni vəsait çatışmazlığı halında öz cari borc öhdəliklərini yerinə yetirməyə kömək edir.

Banklar banklararası bazarda iştirak etmək üçün bir-birilərinə kredit xətti açırlar. Onlar bunun üçün nizamnamə sənədlərini mübadilə edir, müqavilə imzalayır və bir-biri üçün kredit limitləri təyin edir. Beləliklə, banklararası kredit – kredit xətti formasında borcdur.

Banklararası kredit bazarında müqavilələrin bağlanması üç yol ilə həyata keçir:

  1. Ayrı-ayrı banklar arasında telefon danışığı vasitəsilə birbaşa əlaqə və yaxud Reuters məlumat-ticarət platforması kimi elektron əlaqə vasitələrindən istifadə edilməsi;
  2. Banklararası brokerin vasitəçiliyi ilə;
  3. Elektron ticarət sistemlərinin iştirakı ilə.

Kreditlər əsas olaraq bir günlük təqdim olunur. Lakin daha kiçik həcmdə müqavilələr daha uzun müddətə də bağlanıla bilər. Banklararası kreditləşmə bütün bank sistemi üçün vacib göstəricidir. Hər hansı nəhəng maliyyə təşkilatının hətta müvəqqəti maliyyə problemləri yarandıqda, bir-birinə qarşılıqlı qısamüddətli kreditlərin qaytarılmaması zənciri yarana bilər. Belə vəziyyətdə isə banklararası böhran yaranmağa başlayır.