Have a Question?
Defolt – borc öhdəliklərinin və yaxud borc üzrə faizin ödənilməsinin mümkünsüzlüyü və yaxud bu ödənişlərdən imtina edilməsidir.
“Default” termini ilk dəfə İngiltərədə istifadə olunub və iqtisadi sahədə “öhdəliklərin yerinə yetirilməməsi” mənasını verirdi.
Defolt yarada biləcək səbəblər sonsuz şəkildə ola bilər. Bu böyük bir iflasa gətirib çıxaran ən kiçik səhvdən tutmuş, rəqibin dayanıqlığını yox etmək üçün rəqiblər tərəfindən görülmüş tədbirlərə qədər ola bilər. Maliyyə və iqtisadiyyat sahəsində istənilən düşünülməmiş, yalnış addım gözlənilməz anda iflası yaxınlaşdıra bilər.
Defolt dövlət, şirkət və yaxud hər hansı fərdi şəxs tərəfindən elan edilə bilər. Dövlət tərəfindən sözügedən bu öhdəliklərin yerinə yetirilməməsi dövlət, yaxud suveren defolt adlanır. Müəssisənin borcları ödəməkdən imtina etməsi iflas proseduruna gətirib çıxara bilər.
Suveren defolt ilə bağlı məsələlər beynəlxalq hüquq səviyyəsində tənzimlənir. Qaydalara əsasən, danışıqlar nəticəsində borc öhdəliyi restrukturizasiya olunur, yəni gecikdirilmiş ödənişlər, borc şərtlərinin dəyişdirilməsi və hətta borcun bir hissəsinin silinməsi barədə müqavilə imzalanır. İqtisadi tarix çox sayda suveren defolta şahid olub. Bunun üçün 1980-ci ildə Latın Amerikası, 1994-cü ildə Meksikadakı defoltu, 2002-ci ildə Argentinada borcun restrukturizasiyasını, 2010-cu ildə Aİ-na üzv ölkələrin – Yunanıstan, İrlandiya, İspaniya, Portuqaliya, İslandiya – ödəniş balansında baş vermiş böyük problemləri xatırlamaq kifayətdir.
Suveren defolt elan etmiş dövlət bu və ya digər dərəcədə Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatların köməyinə arxalana bilər. Bundan əlavə, London və Paris kreditorlar klubu da borcların tənzimlənməsində iştirak edir.
Yuxarıda qeyd etdiyimiz kimi defolt şirkətlər tərəfindən də elan edilə bilər. Bu zaman müəssisənin faktiki iflas halından danışmaq olar. Lakin bu iflas vəziyyətinin hüquqi xarakter alması üçün əksər hallarda məhkəmə qərarı tələb olunur. Bir çox hallarda, şirkət kreditorlar və üçüncü şəxslər (borcun ödənilməsi öhdəliyini qəbul etməklə başqa bir şirkətlə birləşmək) ilə borcun yenidən təşkil edilməsi ilə bağlı razılığa gələ bilmədikdə, müəssisə rəsmi şəkildə müflis elan edilir və ləğv olunma prosedurundan keçir.
Fərdi şəxslərin defoltuna gəldikdə isə, bir çox ölkələrin qanunvericiliyi müəyyən prosedurları nəzərdən keçirir. Məsələn, ABŞ-da fərdi borcalanın müflisliyi “Müflislik haqqında qanun”-la tənzimlənir. Hadisələrin iki inkişaf variantı var. Birincisi, sözügedən bu qanunun 7-ci bəndinə əsasən, vətəndaş əmlakının böyük hissəsindən məhrum edilir. Lakin bununla yanaşı, qazanc üçün istifadə oluna biləcək əmlak, məsələn, avtomobil, həmçinin ilkin ehtiyac predmetləri müsadirə edilmir. İkinci variant kifayət qədər sabit gəlirə malik, lakin özünü müflis elan etmiş şəxslərə şamil edilir. Qanunun 13-cü bəndinə əsasən, həmin şəxslər üçün uzun müddətli ödəniş zamanı təyin edilir. Əlbəttə, istənilən halda kredit tarixçəsi korlanmış olur və yaxın 7 il ərzində borc əldə etmək mümkün olmayacaq.