12 C
Baku
Thursday, March 28, 2024

Borcun restrukturizasiyası

0

Borcun restrukturizasiyası

Borcun restrukturizasiyası – defolt vəziyyətində olan,  öz borcunu ödəmək imkanına malik olmayan borcalanlara qarşı görülən tədbirdir.

Restrukturizasiyanın həm ayrılıqda, həm də kompleks şəklində tətbiq edilən bir neçə tədbir növü vardır:

– ödənişin müddətinin və ölçüsünün dəyişdirilməsi;

-borcun mülkiyyətdə pay ilə dəyişdirilməsi;

– borcun bir hissəsinin silinməsi.

Restrukturizasiya müxtəlif növ borcalanların defoltu halında tətbiq edilə bilər.

Birincisi, dövlət borcunun restrukturizasiyası. Dövlət borcunun restrukturizasiyası danışıqlar əsasında həyata keçirilən prosesdir. Qaydalara əsasən, bu prosesdə Beynəlxalq valyuta fondu və s. kimi beynəlxalq maliyyə təşkilatları iştirak edir. Beynəlxalq hüquqa əsasən, dövlət suverenliyə sahib olduğundan müflis elan edilə bilməz. Daha doğrusu, məsələn, onun mülkünün daha sonradan satılması zamanı müdaxilə etmək mümkün deyil.

Beynəlxalq kreditorlar cəmiyyəti belə hallarda seçim qarşısında qalır: ya borcalandan heç nə əldə etməmək, ya da borcun restrukturizasiya ilə bağlı razılığa gəlmək. Bundan əlavə, defolt rəsmi olaraq elan edilməzdən əvvəl ölkədə sosial partlayışla müşayiət olunan qəliz vəziyyət yarana bilər. Bunun da nəticəsində, borcun tamamilə qaytarılması ehtimalı daha az inandırıcı təsir bağışlayır.

İkincisi isə, bank da daxil olmaqla kommersiya təşkilatının defolt halında restrukturizasiya həyata keçirilə bilər. Aydındır ki, şirkətin müflis elan edilməsi uzun və bahalı prosesdir. Bir çox qanunvericiliklərə əsasən, borc qiymətli kağızlarına malik olan və problemli şirkətlərə kredit verən təşkilatlar likvidasiya zamanı gözləmə siyahısında ilk növbədə gələn orqan hesab olunmur.

Kreditorlar belə bir vəziyyətdə, şərtlər buna imkan verdiyi halda tez-tez hər hansı bir hissəni qoruyub saxlamaq üçün gəlirin bir hissəsinin və yaxud hətta borcun nominalının itirilməsinə qərar verirlər. Və bu halda korporativ borcun restrukturizasiyası haqqında razılaşmanı imzalamaq mümkündür.

Bundan əlavə, şirkətin borcunun restrukturizasiyası zamanı borc qiymətli kağızlarının pay istiqrazları ilə əvəz olunması variantı da mümkündür. Nəticədə, kreditor müəssisənin ya yarım, yaxud da tam sahibinə çevrilir.

Üçüncüsü isə, fərdi borcalanların kreditlərinin restrukturizasiyası mümkündür. Bank üçün bu kreditlə ödənişlərinin gecikməsi ilə bağlı uzun müddətli məhkəmə proseslərindən qaçmaq imkanıdır. Bununla yanaşı, adətən kredit təşkilatları cərimələrin silinməsinə razılıq versələr də, təcrübədə heç vaxt borcun əsas məbləğinin endirilməsinə razı olmurlar. Bu halda bank müştərinin gecikmədə olan və ya ödəniş etməkdə çətinlik çəkdiyi kredit üzrə ödənişlərini vaxtın uzadılması vasitəsi ilə restruktrizasiya edir. və ya müştərinin problemi ilə əlaqə dar olaraq müştəriyə bir neçə ay güzəşt müddəti tətbiq edir. Bu halda müştəri yalnız faizlər üzrə ödəniş edir.

İstər dövlət, istər korporativ, istərsə də fərdi, istənilən borcun restrukturizasiyası borcalanın nüfuzuna mənfi təsir edir. Nəticədə, gələcəkdə kreditləşmə ümumiyyətlə mümkünsüz, yaxud da əhəmiyyətli dərəcədə baha xarakter alır.