2 C
Baku
Saturday, December 14, 2024

“Holland sindromu” nədir?

0

Have a Question?

Müasir iqtisadi elmdə “Holland sindromu” dedikdə, xammal ixracının artması ilə ölkə iqtisadiyyatının səmərəliliyinin azalması nəzərdə tutulur.

Bu termin ilk dəfə 1977-ci ilin noyabr ayında Hollandiyada təbii qaz istehsalının artması ilə bu ölkədə sənaye istehsalının azalması arasındakı əlaqənin aşkar edilməsindən sonra “Economist” jurnalında dərc edilmişdir.

1959-cu ildə Hollandiyanın Sloxteren yaxınlığındakı Groningen əyalətində çox böyük təbii qaz yatağı aşkar edildi. Təxminən eyni anda Şimal dənizinin dibində təbii qazın yığılması haqqında məlumat ortaya çıxdı. Bu yataqların işlənməsi Hollandiyanın özünü, habelə Norveç və İngiltərəni qazla təmin etdi.

1970-ci illərdə ixrac qazancının kəskin artması ölkəyə xarici valyutanın axınına səbəb oldu və bu da milli valyutanın güclənməsinə gətirib çıxardı. Bundan əlavə, ev təsərrüfatlarının gəlirlərinin artması mallara və xidmətlərə əlavə tələbat yaratdı ki, bu da bahalaşmaya (inflyasiya) və idxalın artmasına səbəb oldu. Xarici mallar yerli mallara nisbətən əhali üçün daha əlçatan oldu və yerli sənaye həm ölkə daxilində, həm də mal ixrac edərkən (xammaldan fərqli olaraq) çətinliklərlə üzləşməyə başladı. Bu da öz növbəsində sənaye sektorunda işsizliyin artmasına səbəb oldu. Nəticədə mədən sənayesində sürətli böyümə fonunda əhali və təbii qaz hasilatı ilə əlaqəli olmayan müəssisələrin vəziyyətində ciddi pisləşmə müşahidə edildi.

“Holland sindromu” nun iqtisadi modeli 1982-ci ildə alman mənşəli avstraliyalı iqtisadçı Verner Maks Korden və onun irlandiyalı həmkarı Piter Niri tərəfindən hazırlanmışdır. Bu modelə görə, iqtisadiyyatı üç sektora bölünür: alınıb-satıla bilməyən əmtəə və xidmətlər, yəni ölkələr arasında daşına bilməyən əmtəə və xidmətlər sektoru; alınıb-satıla bilən əmtəələrin sürətlə artan sektoru (adətən müxtəlif növ xammallar); alınıb-satıla bilən əmtəələrin artmayan sektoru (idxal və ixrac üçün əlçatan olan sənaye məhsulları). Xammal sektorunda kəskin artım olduqda, sənaye sektorunun əmək resursları azalmağa başlayır. Bundan əlavə, əmtəə sektorunda çalışan insanların yüksək gəlirləri istehlakı artırır və dolayısı ilə malların və xidmətlərin artmasına səbəb olur ki, bu da qiymətlərin artmasına və əmək ehtiyatlarının sənayedən xidmət sektoruna axmasına səbəb olur.

“Holland sindromu” un nəticəsi kimi istehsal sektorundakı durğunluq və ya azalma fonunda hasilat və xidmət sektorunun sürətlə böyüməsi göstərilir. Onun təsiri milli valyutanın məzənnəsinin böyüməsi və qiymətlərin artması ilə daha da güclənə bilər. “Hollandiya sindromu ” kifayət qədər uzun sürərsə, yerli istehsal sənayesi dünya bazarında rəqabət qabiliyyətini itirir və ölkə sənaye inkişafındakı qlobal tendensiyadan əhəmiyyətli dərəcədə geri qalmağa başlayır. Nəticədə xammal tükənəndə və ya qiymətlər düşəndə ölkə çətin iqtisadi vəziyyətə düşmüş olur.