10 C
Baku
Thursday, December 12, 2024

KPI (səmərəliyin əsas göstəriciləri) nədir?

0

Have a Question?

KPI – daxili korporativ göstəricilərdir, onların köməyi ilə ayrı-ayrı işçilər və ya şöbələr tərəfindən görülən işlərin keyfiyyətini və səmərəliliyini izləmək mümkündür.

KPI abreviaturasının açılışı “Key Performance Indicators” kimidir və səmərəliyin aparıcı göstəriciləri deməkdir. Bu, biznesin nə qədər sağlam olduğunu göstərən ölçülər toplusudur.

Daha sadə desək, belə bir situasiya təsəvvürümüzə gətirək: bir mütəxəssis götürdük və ona çuxur qazmağı tapşırdıq. Vaxt keçir və ortada sual yaranır: “Necə oldu çuxur?” – o, cavab verir: “Qazma planını qurmuşam”. Bir həftə sonra isə deyir: “Artıq kürək seçmişəm, amma mühasibatlıq hələki pulunu ödəməyib”. Növbəti günlərdə mütəxəssisin müxtəlif intervallarla verdiyi cavablar belə görünür: “Mühasibatlıq kürəyin pulunu ödədi, amma hələki təhvil almamışam”, “Təhvil almışam, çuxur qazma kursunu tapmışam, ödənişi edərsiniz”.

Nəticədə üç aydan sonra çuxur yoxdur, ortada olan isə kürək və qazma kursudur. Tapşırıq yerinə yetirilməyib, amma böyük iş görülüb. Belə işçilərin məhsuldarlığı aşağıdır.

Nüanslar

KPI adətən xüsusi rəqəmlərlə ifadə edilir. Nəticənin əldə edilməli olduğu müddət də göstərilir. Misal üçün:

– rübün sonunda EBITDA-nın 10% artımını təmin etmək (CEO üçün);

– vakansiyaların doldurulmasının orta müddətini ayda 1 həftəyə qədər azaltmaq (HR direktoru üçün);

– ilin sonunda gəliri artırmaq (kommersiya şöbəsi üçün);

– bir ay ərzində konversiyanı 15% artırın (marketinq şöbəsi üçün).

Tarix

KPI sistemi 1960-cı illərdə professor və iqtisadçı Peter Drucker tərəfindən icad edilmişdir. O, iddia edirdi ki, “metriksiz strategiya – sadəcə arzudur. Strateji hədəflərə uyğun gəlməyən metriklər vaxt itkisidir”. Druker biznesdə istifadə edilə bilər bir sıra metriklər təklif edib. 2000-ci illərin əvvəllərində onun sistemi geniş istifadə olunmağa başlayıb.

Tənqid

Kəmiyyət göstəriciləri çox vaxt reallığı təhrif edir: həkimlər, müəllimlər, polislər və ofis işçiləri planı doldurmaq, vəzifədə yüksəlmək və ya heç olmasa iş yerini itirməmək üçün nəticələri saxtalaşdırmağa başlayırlar.

Bu, biznesə zərər verir. ABŞ-ın ən böyük bankı “Wells Fargo” 2011-ci ildə “çarpaz satışları” təşviq etməyə başladı: o, işçilər üçün depozit hesabı açmaq, overdraft sığortası və ya kredit kartları kimi əlavə bank məhsullarını satmaq planını hazırladı. Müəyyən edilmiş planın yerinə yetirilməməsi əlavə iş saatları və işdən çıxarılma demək idi.

KPI nəticələrinə cavab vermək üçün minlərlə “Wells Fargo” əməkdaşı fırıldaqçılığa əl atdı – məsələn, müştərilərin xəbəri olmadan onlayn hesab açdı və ya kredit kartı aldı. 2016-cı ilin sentyabrında kütləvi fırıldaqçılıq üzə çıxandan sonra Maliyyə İstehlakçılarının Hüquqlarını Müdafiə Bürosu “Wells Fargo”nu 100 milyon dollar cərimə etdi. Bank təkcə əlavə maliyyə xərci deyil, həm də reputasiyanın pozulması problemi ilə üzləşdi.