9 C
Baku
Wednesday, December 11, 2024

POS-terminal nədir?

0

Have a Question?

POS-terminal (ing. Point of Sale – satış nöqtəsi) – bank kartları ilə olan ödənişləri qəbul edən cihazdır.

Daha sadə desək, POS-terminal ödənişi nağdsız şəkildə etməyə imkan verir (buna ekvayrinq deyilir). Söhbət həm tam ölçülü kassa sistemlərindən, həm də smartfon riderlərindən gedir.

Bu cür terminallar ən çox hipermarketlərdə, kiçik ərzaq mağazalarında, eləcə də restoran və ya kafelərdə istifadə olunur. Ənənəvi kassadan fərqli olaraq, POS-terminallar satışların sayını izləyə və təhlil üçün əlavə məlumat toplaya bilirlər. Cihaz kassirlərin işini xeyli sürətləndirməklə yanaşı, onları növbələrdən və narazı müştərilərdən azad edir.

POS-terminalların müasir modelləri müxtəlif ödəniş kartları (çip, maqnit zolaq, təmassız “PayPass” texnologiyası) və NFC funksiyalı digər cihazları (smartfon, saat, üzük, stiker-kartı və s.) dəstəkləyir.

Terminaldan əlavə, ödənişin keçməsi üçün satıcı əməliyyat məlumatlarını vergi orqanlarına ötürməlidir. Bu proses fiskalizasiya adlanır. Bunun üçün terminallar hər bir əməliyyat haqqında məlumatı vergi orqanlarına ötürən kassa sistemləri ilə inteqrasiya olunur.

Nüanslar

POS-terminal necə işləyir

1. Ödəniş etmək üçün kart sahibi kartın növündən asılı olaraq onu ya terminalın içinə salır, ya da sadəcə yaxınlaşdırır. Kartın parametrləri bunu tələb edərsə, kassir sizdən PİN kodu daxil etməyinizi xahiş edir.

2. Aparat əməliyyat haqqında ekvayrinq banka (terminalın qoşulduğu) və ödəniş sisteminə sorğu göndərir.

3. Cihaz alıcının hesabında pulun olub-olmadığını yoxlamaq üçün emitent banka (alıcının kartını buraxan kredit təşkilatına) sorğu göndərir və tələb olunan məbləği çıxmaq üçün icazə istəyir.

4. Əgər ödəniş keçərsə, satıcı məhsulu, qəbzi və kartı alıcıya qaytarır. Əgər kartınızda kifayət qədər vəsait yoxdursa, bank əməliyyatı həyata keçirməkdən imtina edir.

5. Çekin iki nüsxəsi çap olunur – biri kassada qalır, digəri müştəriyə verilir. Alıcı həmçinin elektron çek almaq hüququna malikdir.

6. Ödəniş əməliyyatı məlumatları prosessinq mərkəzinə ötürülür.

Qeyd edək ki, terminalın quraşdırılması həmişə sahibkarın öz istəyi ilə olmur – bəzi ölkələrin qanunvericiliyində POS-terminal almağa borclu olan biznes subyektlərinin kateqoriyası var. Bu kateqoriyaya illik dövriyyəsi müəyyən edilmiş həddi keçən bütün iri müəssisələr daxildir.

POS-terminalların növləri

– Mobil POS-terminal – daşına bilən terminaldır, akkumulyatordan işləyir. Bu cür terminallara pizza və ya başqa nəsə sifariş etdikdə kuryerlərdin əlində görə bilərsiniz.

– Kassa POS-terminal (POS-terminal sistemi və ya stasionar sensorlu kassa) – kassirin iş yeri. Bu cür terminallara istənilən böyük marketdə rast gələcəksiniz.

– Virtual POS-terminal avadanlıqsız işləyən, avtomatik olaraq kartdan vəsait çıxan terminaldır. Müştəri fərdi məlumatları daxil edir və veb-interfeys vasitəsilə ödənişi həyata keçirir. Bu informasiya bank və ya ödəniş xidməti tərəfindən yoxlanılır.

Ekvayrinq üçün nəzərdə tutulmuş adi terminal onlayn-kassanı əvəz etmir, çünki o, fiskal çeklər vermir və məlumatları vergi orqanlarına ötürmür.