1 C
Baku
Saturday, December 14, 2024

Rentabellik nədir?

0

Have a Question?

Rentabellik – pul vəsaitlərindən və digər resurslardan istifadənin effektivlik göstəricisidir. Əmsal və yaxud faiz şəklində ifadə edilir.

Müəssisə və yaxud bankın qiymətləndirilməsi üçün rentabelliyin bir neçə göstəricilərindən istifadə olunur və müxtəlif qaydalarda hesablanır. Əsas göstərici ümumi rentabellik və ya aktivlərin rentabelliyi göstəricisidir və aşağıdakı düsturla hesablanır:

   Rüm = (Mb:A)•100 ,

burada   Mb  – balans mənfəəti; A  –  müəssisənin aktivlərinin (əsas istehsal fondları ilə dövriyyə vəsaitlərinin ) dəyəridir.

Rentabelliyin bu  göstəricisi qoyulmuş kapitalın bir manatına düşən mənfəətin məbləğini  göstərir.

Aktivlərin rentabelliliyi ilə yanaşı sahibkarlıq fəaliyyətinin təhlili prosesində məhsulun rentabelliyi göstəricisindən yeni istifadə olunur. Həmin göstərici aşağıdakı düsturla hesablanır:

   Rm = (Ms:M )•100

burada       Ms  – məhsulun satışından əldə edilən mənfəət;
M  – satılmış məhsulun tam maya dəyəridir.
Bu göstəricidən təsərrüfatdaxili analitik hesablamalarda, ayrı-ayrı məmulat növlərinin mənfəətliliyinə ( zərərliliyinə ) nəzarət edilməsi, istehsala yeni məhsul növlərinin tətbiqi və səmərəsiz məmulatların istehsaldan çıxarılması zamanı istifadə etmək daha səmərəlidir.

Müəssisələrin təsərrüfat fəaliyyətində hesabi rentabellik göstəricisindən də istifadə olunur:

Rh = ( Mh:A )•100 ,

burada Mh – hesabi mənfəətdir.

Məlumdur ki, mənfəət həm məmulatın maya dəyəri, həm də onun satıldığı qiymətlə əlaqədardır.Belə halda məhsulun rentabelliyi mənfəətin sərbəst və ya tənzimlənən qiymətlərlə satılmış məhsulun dəyərinə, daha doğrusu satışdan mədaxilin məbləğinə nisbəti kimi hesablana bilər.Elə buna görə də rentabelliyin belə göstəricisi satışın rentabelliyi adlanır.

Məhsulun və satışın rentabelliyi göstəriciləri qarşılıqlı əlaqədardır və  həm bütün məhsulun, həm də onun ayrı-ayrı növlərinin istehsalı və satışı üçün cari xərclərin dəyişilməsini əks etdirir. Ona görə də bütünlükdə istehsalın səmərəliliyini yüksəltmək və mənfəətin artırılmasının əlavə imkanlarını əldə etmək üçün böyük və kiçik rentabelliyə malik məhsulların xüsusi çəkilərinin dəyişilməsindən asılı olaraq məhsul buraxılışının strukturunu formalaşdırmaq olar.

Müəssisə kapitalının mülkiyyətçiləri üçün qoyulmuş kapitalın verimini, daha doğrusu, xüsusi kapitalın   rentabellik səviyyəsini bilmək çox vacibdir.O, aşağıdakı kimi hesablanır:

        Rxk = ( Mb:KX )•100,

burada  RKX – müəssisənin xüsusi kapitalıdır.

Ümumi rentabellik səviyyəsinin xüsusi kapitalın rentabelliyi səviyyəsi ilə müqayisəsi xüsusi kapitalın kəmiyyətinin onun veriminə necə təsir etdiyini göstərir.

Müəssisənin maliyyə vəziyyətinin təhlili prosesində rentabelliyin digər göstəriciləri də hesablana bilər. Məsələn, müəssisənin bütün kapitalının rentabelliyi, dövriyyədənkənar  aktivlərin rentabelliyi,  dəyişən kapitalın rentabelliyi, investisiyaların rentabelliyi və s.

Həmçinin rentabellik müəssisəni rəqibləri ilə müqayisə edərək bütün şirkətin işinin effektivliyini qiymətləndirməyə imkan verir. Belə ki, rəqiblərinizin səviyyəsinə çata bilmirsinizsə, bazarda qalmaq üçün nələrisə dəyişməlisiniz.