Ərəb Dövlətləri Liqası (ƏDL) xarici işlər nazirlərinin Əmmanda keçirilən görüşündə misirli diplomat Nabil Fahmi təşkilatın yeni baş katibi vəzifəsinə təsdiqlənib. Bu barədə qurumun bəyanatında deyilir.
AFP-nin məlumatına görə, Nabil Fahminin beşillik səlahiyyət müddəti iyulun əvvəlində başlayacaq. O, bu vəzifədə iki müddət ardıcıl olaraq regional bloka rəhbərlik etmiş Əhməd Əbu əl-Qeyti əvəz edəcək.
2013-cü ilin iyunundan 2014-cü ilin iyuluna qədər Misirin xarici işlər naziri olmuş Nabil Fahmi Ərəb Dövlətləri Liqasına rəhbərlik edən səkkizinci misirli nümayəndə olacaq. Onun namizədliyinin irəli sürülməsi ilə bağlı qərar mart ayında yekdilliklə qəbul edilib.
75 yaşlı Nabil Fahmi mart ayında bildirib ki, ərəb ölkələrinin torpaqlarının “uzunmüddətli işğalı” və “beynəlxalq hüququn kobud şəkildə pozulması” fonunda bu vəzifə “böyük məsuliyyət” daşıyır. O, hansı ölkələri nəzərdə tutduğunu dəqiqləşdirməyib.







