2 C
Baku
Saturday, December 14, 2024

Ərəb sərmayəsi Orta Dəhlizin ötürücülük qabiliyyətini 10 milyon ton artırmağa kömək edəcək

Kurık limanında taxıl terminalının və çoxfunksiyalı “Sarja” dəniz terminalının tikintisi layihəsinin tam icrası Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) ötürücülük qabiliyyətini ildə 10 milyon ton artıracaq.

Bu barədə “Semurg Invest” şirkətinin baş direktoru Nurjan Marabayev bu gün.Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkəti ilə bu layihə üzrə əməkdaşlığın əsas şərtləri haqqında Sazişin imzalanması zamanı bildirib.

Onun sözlərinə görə, bu gün gələcək terminalın ərazisində müvəqqəti saxlanc anbarı fəaliyyət göstərir, iki yanalma körpüsü, terminal sahəsinə giriş-çıxışlı dəmir yolu xətləri, taxıl terminalının birinci mərhələsi və ümumi yük terminalının tikintisi başa çatıb. N. Marabayev tezliklə ilk yük partiyasının daşınmasının gözlənildiyini diqqətə çatdırıb.

Sazişin imzalanmasından sonra “AD Ports Group”un regional direktoru Əbdüləziz Zayed əl-Şəmsi qeyd edib ki, əmirlik Mərkəzi Asiyanın ixrac marşrutlarının inkişafı üçün ən mühüm nəqliyyat və logistika təşəbbüsünün həyata keçirilməsi üzrə Kurık limanı ilə əməkdaşlıqda maraqlıdır.

“Sarja” terminalının 2025-ci ildə tikilib istifadəyə veriləcəyi gözlənilir. Təxmin edilən xərclər isə özəl investisiyalar şəklində 154 milyard təngə (340,6 milyon ABŞ dolları) təşkil edir. Eyni zamanda, taxıl terminalı, maye və ümumi yük terminalı tikiləcək. 25 min ton taxıl məhsulunun birdəfəlik saxlanması ilə taxıl terminalının gücü ildə 1 milyon ton olacaq.

Qeyd edək ki, “AD Ports Group” BƏƏ-də 10 liman və terminala sahibdir və onları idarə edir. “Semurg Invest” şirkəti isə Kurık limanındakı çoxfunksiyalı “Sarja” dəniz terminalının sahibi və developeridir. Layihənin ümumi planlaşdırılan ilkin nəqletmə gücü ildə 10 milyon ton təşkil edir.

Xatırladaq ki, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Daha sonra layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçməklə Avropaya uzanır. 2022-ci ildə Xəzər dənizi ilə Orta Dəhliz vasitəsilə 1,5 milyon ton yük daşınıb. Bu yüklər Qazaxıstanın Kurık və Aktau, Azərbaycanın Ələt və Hövsan limanları vasitəsilə daşınıb. Konteyner daşımaları sayəsində ötən il Qazaxıstanın Orta Dəhliz üzrə ixracı əvvəlki illə müqayisədə 8 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər