2 C
Baku
Sunday, December 15, 2024

Erməni tanklarını darmadağın edən “Spike” raketləri – FOTO

“230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm – özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsi zamanı bildirib.

Ali Baş Komandanın çıxışı zamanı adını çəkdiyi özü tuşlanan “Spike” raketləri barədə ətraflı məlumatı təqdim edirik.

“Spike” (“Spayk”) İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin “Rafael Advanced Defence Systems” şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, “Spike” ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır.

Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşunu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan).

Spike SR

“Spike-SR”

“Spike” ailəsinin ən kiçik nümayəndəsi daşınan “Spike-SR” (Short range – kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub. Çəkisi 9.8 kq olan bu raket minimum 50 m, maksimum 1.5 km arasında yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. 2016-cı ilin mayında “Rafael” şirkəti bu silahı özünün ilk xarici müştərisinə satdı.

Spike MR

“Spike-MR”

Orta məsafəli versiya olan bu raket əsas modelə daha yaxındır. 14 kq çəkisi olan bu raket isə minimum 200 m, maksimum 2500 m məsafədə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Əsasən xüsusi təyinatlılar tərəfindən istifadə olunur.

Spike LR

“Spike-LR”

Uzun məsafəli versiya. Raketin çəkisi 14 kq, ümumi sistemin çəkisi isə 45 kq-dan azdır. Maksimum atış məsafəsi 4 km olan bu raket əsasən piyada qoşun tərəfindən istifadə olunur və ya yüngül döyüş maşınlarının üzərinə quraşdırıla bilər. Zirehi dəlmə qabiliyyəti 700 mm-dən çoxdur. 2014-cü ilin əvvəllərində “Rafael” şirkəti bu variantın atış məsafəsinin 5 km-ə qaldırıldığını və yüngül helikopterlərə quraşdırmağın da mümkün olacağını açıqladı.

Spike ER

“Spike-ER”

Silahın ekstra-uzun məsafəli versiyasıdır. Həmçinin NT-Dandy və ya NT-D olaraq da tanınır. Atış məsafəsi minimum 400 m, maksimum 8 km təşkil edir. Adətən maşınların üzərində quraşdırılan bu sistem digərlərindən daha ağır olması və diametrinin daha böyük olması ilə fərqlənir. Raketin bu variantı piyadalar, yüngül zirehli maşınlar və helikopterlərə quraşdırıla bilər. Raketin çəkisi 34 kq, buraxıcı qurğunun çəkisi 30 kq, helikopter versiyasının çəkisi isə 55 kq-dır. Zirehi dəlmə qabiliyyəti 1,000 mm-dir.

Spike NLOS

“Spike NLOS”

Ultra-uzun məsafəli bu raketin maksimum atış məsafəsi 25 km-dir. Görünüş zonasından uzaqda qalan hədəfləri vurmaq üçün nəzərdə tutulub. “Spike”ın digər variantlarından nəzərə çarpacaq dərəcədə böyük olan bu variantın ümumi çəkisi təqribən 70 kq-dır. Hədəfi 95% dəqiqliklə vuran “Spike NLOS” həm yerdən, həm də helikopterdən atıla bilər. Raketlərdə kumulyativ, yaxud fuqas tipli döyüş başlığından istifadə oluna bilər. Yom Kippur müharibəsi bir daha göstərdi ki, döyüş zamanı idarə olunan taktiki yer-yer tipi raketlərin olması çox vacibdir. Kod adı Tamuz olan ilk variant 1981-ci ildə xidmətə daxil oldu, lakin 2011-ci ilə qədər ictimaiyyətə təqdim olunmadı.

Mini Spike

“Mini-Spike”

2 sentyabr 2009-cu ildə “Spike” ailəsinin yeni üzvü olan “Mini-Spike” təqdim olundu. Əsasən şəhər döyüşləri üçün hazırlanmış bu variantın atış məsafəsi 1.3-1.5 km arasındadır. 2016-cı ildən etibarən bu variantın istehsalı dayandırıldı.

QEYD: Azərbaycan ordusu tərəfindən Aprel döyüşlərində istifadə olunub. 2017-ci ildə Azərbaycan ordusu Qarabağda bir “Spike” raketi vasitəsilə Ermənistana aid “Osa” HHM vasitəsini vurduqdan sonra Ermənistan ordusu cəbhə boyunca bütün zirehli və zirehsiz texnikalarını, o cümlədən HHM vasitələrini 8 km geriyə çəkməyə məcbur olmuşdu.

Son xəbərlər
Digər xəbərlər