Sui-istifadə hallarının qarşısının alınması məqsədilə fərdi parklanma talonunun verilməsi mexanizmi təkmilləşdirilir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlama xətləri ilə işarələnməklə parklanma yerinin başlanğıcı və sonu göstərilir. Nəqliyyat vasitəsinin parklanma yerində parklanma üsulu nişanlama xətləri və ya 7.6.1-7.6.9 əlavə məlumat nişanları ilə müəyyən edilir. Parklanma yerləri 24 saat fəaliyyət göstərir.
Qüvvədə olan qanuna əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. Bu maddənin XIX hissəsinin tələbləri fərdi parklanma talonu olan nəqliyyat vasitəsinin istifadəçilərinə şamil edilmir. Fərdi parklanma talonu nəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerə qoyulur. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət orqanlarının yerləşdiyi inzibati binaların ətrafında müvafiq icra hakimiyyəti orqanının hər biri üçün ayrılıqda müəyyən etdiyi radius çərçivəsində ödənişli parklanma yerlərinin təşkili qadağandır.
Layihəyə əsasən, parklanma yerlərində nəqliyyat vasitələri üçün parklanmanın müddəti əlavə məlumat nişanları ilə məhdudlaşdırıla bilər.. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayış yeri üzrə qeydiyyatda olan minik avtomobillərinin istifadəçilərinə onların müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma məntəqələri və etibarlılıq müddəti göstərilməklə elektron qaydada fərdi parklanma talonu veriləcək. Fərdi parklanma talonu həmin parklanma məntəqələrində ödənişsiz parklanma hüququ verəcək. Bir şəxsə yalnız bir fərdi parklanma talonu veriləcək. Bir nəqliyyat vasitəsi yalnız bir istifadəçisinin fərdi parklanma talonunda göstərilə bilər. Fərdi parklanma talonuna dair məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzi informasiya sisteminə ötürüləcək. Xidməti parklanma yerləri 5.15 yol nişanına 7.5.8 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısını, onlara ayrılan yerlərin sayını, habelə xidməti parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Xidməti parklanma yerlərində xidməti zərurətlə əlaqədar dövlət orqanlarının (qurumlarının) istifadəsində olan və dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına məxsus olan nəqliyyat vasitələrindən başqa, digər nəqliyyat vasitələrinin parklanması qadağandır.