“Facebook” şirkəti ABŞ-da kiçik biznes üçün Business Suite tətbiqini işə salır. Banker.az xəbər verir ki, bu tətbiq “Facebook”, “Instagram” və “Messenger” hesablarını idarə etməyə imkan verir.
Qeyd edildiyi kimi, 2021-ci ildə şirkət Business Suite tətbiqinə həmçinin “WhatsApp” messencerini də əlavə etməyi planlaşdırır. Business Suite istifadəçilərə “Facebook” və “Instagram”da eyni anda kontent planlaşdırmağa, paylaşımlar etməyə və reklam yerləşdirməyə imkan verir.
Verilən məlumata görə, “Facebook” bununla böyük sosial media komandasına sahib olmayan kiçik biznes müəssisələrinə dəstək olmaq istəyib. Gələcəkdə şirkət bu xidməti iri korporasiyalar üçün də təkmilləşdirməyi düşünür. “Bizim hədəfimiz – müəssisələri müştərilər üçün daha əlçatan etməkdir”, – deyə “Facebook”un reklam məhsullarının marketinq üzrə vitse-prezidenti Graham Mudd söyləyib.
Xatırladaq ki, pandemiya fonunda “Facebook” reklam gəlirlərinin böyük hissəsini təşkil edən kiçik müəssisələri dəstəkləmək üçün bir çox alətlər inkişaf etdirməyə çalışır. Məsələn, pulsuz olaraq onlayn-mağaza açmağa kömək edən Shops xidməti.