“Facebook” və “Twitter” Rusiyanın ABŞ istifadəçilərinə təsir etmək cəhdi ilə əlaqədar 200-dən artıq hesabı silib.
“Kommersant” xəbər verir ki, hesablar Qana və Nigeriyada idarə olunurmuş.
Məlumata görə, “Facebook” öz şəbəkəsində 49 profil, “Instagram”da isə 85 qapalı və 69 açıq profili silib. Şirkət bu hesabları Rusiyanın İnternet Araşdırma Agentliyi ilə əlaqələndirir.
“Bu hesablar mütəmadi olaraq ABŞ ilə bağlı xəbərlər paylaşır və qeyd edilən mövzular vasitəsilə öz auditoriyalarını genişləndirməyə çalışıblar. ABŞ-ın qaradərili əhalisinin tarixi, onların nümayəndələri, moda, məşhurlar haqqında şayiələr, tanınmış amerikalılar barədə xəbərlər və olaylar, həmçinin LGBTQ icmasının problemləri”, – “Facebook” sosial şəbəkəsinin açıqlamasında bildirilib.
Qeyd edilir ki, hesabların aktivliyi ABŞ-dakı seçkilərə yönəldilməmişdi: “Onlar heç bir prezidentliyə namizədi irəli çəkmir və ya qaralamırdı”.
Həmçinin “Twitter”də 71 hesabı sildiyini elan edib.
“Bu hesablar irq və vətəndaş hüququ kimi ictimai məsələlərin müzakirəsində iştirak edərək orada ədavət tumları səpirdilər”, – şəbəkədən bildirilib.
Qeyd edək ki, Rusiyanın “troll fabriki” sayılan İnternet Araşdırma Agentliyi istər daxili, istər xarici siyasət məsələlərində sosial şəbəkələrdə saxta profil, səhifə və ya sayt vasitəsilə ictimai rəyin formalaşmasında, həmçinin ölkə müxalifətinin gözdən salınmasına xidmət edir.
©Report