15 C
Baku
Friday, March 29, 2024

FATCA nədir və o bizim bank sistemində hansı dəyişikliklərə səbəb olacaq?

Banker.az ekspertlərinin verdiyi məlumata görə, artıq bankların bir çoxu FATCA-nın tətbiqinə başlamaq ərəfəsindədir. Qeyd etmək lazımdırki, Vergilər nazirliyinin nəznində, bu sistemlə bağlı xüsusi monitorinq qrupuda yaradılmaq üzrədirki, onun funksiyası Azərbaycan banklarının bu sistem üzrə nə dərəcədə təlimatlara uyğun işləməsinə nəzarətdən ibarətdir.

Azərbaycan banklarında FATCA-nın tətbiqi ilə bağlı olaraq, aşağıdakı formalardan istifadə ediləcək.

12Anket (fiziki)

12 Anket (huquqi)

Qısa olaraq FATCA adlandırılan Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Bu Akt ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir. FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır.

ABŞ-ın vergi qanunvericiliyinə əsasən, bütün ABŞ vətəndaşları və ABŞ-da daimi yaşayış yerinə malik olan lakin xarici ölkələrdə yaşayan bütün şəxslər şəxsi gəlirlərinə görə ABŞ-da vergi öhdəliyi daşıyır və bütün növ gəlirləri üzrə bəyannamə verməyə və vergi ödəməyə borcludurlar.
Aparılan hesablamalara əsasən, ABŞ xəzinəsi hər il vergidən yayındırılaraq, ofşor zonalar da daxil olmaqla, xaricə köçürülən və ya ABŞ-a ümumiyyətlə gətirilmədən əldə edildiyi xarici dövlətdə saxlanan məbləğlər üzrə 100 milyard ABŞ dollarına qədər vergi itirir.
ABŞ vergi mükəlləfinin vergidən yayındıraraq xarici dövlətdə gizlətdiyi vəsaitlərin yerləşdirildiyi maliyyə institutlarını vergidən yayınan şəxslə əlbir hesab edərək, həmin maliyyə institutunun da məsuliyyətə cəlb edilməsini nəzərdə tutan yeni qanun – FATCA qəbul etmişdir.

FATCA-ya əsasən, ABŞ vergi ödəyiciləri hesab olunan şəxslər xarici hesabları və digər maliyyə aktivləri barədə məlumatları ABŞ vergi bəyannaməsi ilə birlikdə İRS-ə təqdim etməlidir. Banklar da daxil olmaqla, xarici maliyyə institutları isə ABŞ Daxili Gəlirlər İdarəsinə (İRS) onlarda hesab açmış ABŞ vergi mükəlləfləri barədə məlumatları, o cümlədən, onların adları, vergi identifikasiya nömrələri, ünvanları, hesab qalıqları, hesaba daxil olan və hesabdan çıxan ödənişlər barədə məlumatları verməlidirlər. İstənilən dövlətin qanunun tələblərinə əməl etməyən, yəni İRS-lə əməkdaşlıq etməyən maliyyə institutlarını 2014-cü ilin 1 iyul tarixindən başlayaraq ciddi sanksiyalar gözləyir və onlara ABŞ-dakı və FATCA-ya əməl etmək öhdəliyini qəbul etmiş digər dövlətlərdəki maliyyə institutlarında olan müxbir hesablar vasitəsilə edilən ödənişlərdən müxbir hesabın yerləşdiyi maliyyə institutu tərəfindən ödəmə mənbəyində 30% vergi tutularaq İRS-ə köçürülməlidir.
Məlum olduğu kimi, bütün dünyada ABŞ dolları ilə həyata keçirilən ödənişlərin böyük əksəriyyəti ABŞ-da yerləşən banklardakı müxbir hesablar vasitəsilə həyata keçirildiyindən, ABŞ-ın əməkdaşlıq etməyən istənilən xarici maliyyə institutuna qarşı qanunda nəzərdə tutulmuş cəza tədbirlərini tətbiq etmək üçün real imkanları vardır.

FATCA özlüyündə ziddiyyətli bir qanun olmaqla, faktiki olaraq bir dövlətin öz yurisdiksiyasını onun normal sərhədlərindən kənara tətbiq etmək cəhdidir. Yəni, ABŞ daxili qanunvericilik aktı ilə onun ərazisində olmayan və onun qanunları ilə hərəkət etmək öhdəliyi daşımayan, tamamilə başqa dövlətlərin qanunvericiliyinə əsasən yaradılmış və fəaliyyət göstərən qurumların üzərinə hesabat vermək öhdəliyi qoyur. Heç bir dövlətdə hər hansı bankın daxili qanunvericiliklə tənzimlənən bank sirrini pozaraq, xarici dövlətin vergi orqanına birtərəfli qaydada, avtomatik şəkildə və dövri olaraq məlumat ötürmək və ya hesabat vermək barədə müddəalar mövcud deyildir. ABŞ tərəfi bu çətinliyi anladığını bildirmiş və FATCA-nın tətbiqi üçün hökumətlərarası sazişlər bağlamağı qəbul etmişdir.
Bununla bağlı, ABŞ Xəzinədarlıq Departamenti və İRS tərəfindən FATCA-nın tətbiqi üçün digər dövlətlərlə bağlanması təklif olunan hökumətlərarası sazişin iki modeli hazırlanmışdır.

  • 1-ci model

1-ci model müvafiq məlumatların digər dövlətin maliyyə institutları tərəfindən İRS-ə birbaşa deyil, mərkəzləşdirilmiş qaydada, həmin dövlətin təyin edilmiş səlahiyyətli orqanı vasitəsilə ötürülməsini nəzərdə tutur. Maliyyə institutu IRS portalında qeydiyyatdan keçir. Maliyyə institutu “Seçilmiş vasitəçi” (Qİ) statusunda fəaliyyət göstərirsə, “əməl etməyən” maliyyə institutlarının siyahısına daxil edilmiş maliyyə institutlarının xeyrinə ödənilən ABŞ mənbəli gəlirlərdən ödəmə mənbəyində 30% vergi tutur. Bu modelin isə Model IGA1A və Model IGA1B adlanan iki forması vardır. IGA1A Modelinə uyğun bağlanmış sazişlərə əsasən ABŞ və digər dövlət arasında qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir, yəni, ABŞ tərəfi də eyni qaydada digər dövlətin vergi ödəyicilərinin ABŞ maliyyə institutlarında olan hesabları barədə məlumatları həmin dövlətin səlahiyyətli orqanına təqdim edir, IGA1B Modeli əsasında bağlanmış sazişlərə əsasən isə məlumatlar yalnız həmin dövlət tərəfindən ABŞ-a ötürülür.

  • 2-ci model

Hökumətlərarası Sazişin 2-ci Modeli məlumatların maliyyə institutlarının özləri tərəfindən İRS-in elektron portalında qeydiyyatdan keçməklə birbaşa İRS-ə təqdim edilməsini nəzərdə tutur.
Bu Modelin əsas əlamətləri aşağıdakılardır:
1. Daxili qanunvericiliyə dəyişiklik edilmir, lakin FATCA tələblərinin icrası üçün hökumətlərarası saziş bağlanır.
2. Maliyyə institutu IRS portalında qeydiyyatdan keçərək, praktiki olaraq tamamilə FATCA qanunun tələblərinə əsasən hərəkət edir.
3. Maliyyə institutu “Əməl etməyən” maliyyə institutlarının siyahısına daxil edilmiş maliyyə institutlarının xeyrinə ödənilən ABŞ mənbəli gəlirlərdən ödəmə mənbəyində 30% vergi tutur.
4. Maliyyə institutu ABŞ müştərilərindən bank sirrinin qorunması hüququndan imtina etməyi tələb edir və razılıq almazsa hesabı bağlayır.
5. Maliyyə institutu IRS-ə birbaşa, öz məsul şəxsi vasitəsilə məlumat ötürür.

FATCA ilə bağlı Azərbaycanın bu günə kimi gördüyü işlər

  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin FATCA ilə bağlı Sərəncamı haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 103s nömrəli sərəncamı ilə FATCA-nın tətbiqi məqsədi ilə Amerika Birləşmiş Ştatları Xəzinədarlıq Departamentinin təsdiq etdiyi və razılığa gələn dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutan IGA1A Modeli üzrə Amerika Birləşmiş Ştatlarının Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi barədə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə Hökumətlərarası Sazişin bağlanması məqbul hesab edilmişdir.
Qeyd edilən sərəncamla Hökumətlərarası Saziş əsasında məlumat mübadiləsinin aparılması məqsədi ilə səlahiyyətli orqan Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyən edilmişdir. Hökumətlərarası Saziş layihəsinin mətninin razılaşdırılması məqsədi ilə həmin sərəncamla komissiya yaradılmışdır.

  • Amerika Birləşmiş Ştatları tərəfi ilə edilən danışıqlıqlar haqqında

Hökumətlərarası Sazişin layihəsi hazırlanmış və Ölkəmizin Hökumətlərarası Saziş layihəsini imzalamaq niyyətində olduğu və bunun üçün danışıqlara başlamaq istəyi barədə Xarici İşlər Nazirliyinin 02.05.2014-cü il tarixli 5/11-874/03/14 nömrəli notası Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyinə göndərilmişdir. Eyni zamanda Hökumətlərarası Saziş layihəsi Vergilər Nazirliyi tərəfindən 02.05.2014-cü il tarixdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyinə və Amerika Birləşmiş Ştatlarının Xəzinədarlıq Departamentinin Beynəlxalq Vergi Məsələləri üzrə katibinin müavini cənab Robert.B.Stacka göndərilmişdir. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyindən 06.05.2014-cü il tarixdə 472/2014 nömrəli nota Xarici İşlər Nazirliyinə daxil olmuşdur. Həmin notaya əsasən Amerika Birləşmiş Ştatları tərəfi ölkəmizlə Hökumətlərarası Saziş layihəsini imzalamağı məqbul hesab etmişdir.
Bundan sonra Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycan Respublikası 16.05.2014-cü il tarixdə tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilmişdir (http://www.treasury.gov/resource-center/tax-policy/treaties/pages/fatca-archive.aspx ).
Azərbaycan Respublikasının tərəfdaşlıq edən ölkələr siyahısına daxil edilməsi ilə Azərbaycanın maliyyə institutları üçün FATCA portalında qeydiyyatdan keçməyin son müddəti 31.12.2014-cü il tarixinədək uzadılmışdır. Lakin bu o şərtlə edilir ki, Hökumətlərarası Saziş həmin tarixədək imzalansın. Bu isə o deməkdir ki, Azərbaycanın maliyyə institutlarının külli miqdarda sanksiyalara məruz qalma təhlükəsi aradan qalxmış və onların FATCA portalında qeydiyyata alınmasına hüquqi zəmin yaranmışdır. Müddətin 31.12.2014-cü il tarixədək uzadılması həmçinin maliyyə institutlarının bu prosesə texniki baxımdan da hazırlıqlı olmasına şərait yaradacaqdır.

  • FATCA ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 103s nömrəli sərəncamı ilə yaradılmış Komissiya tərəfindən FATCA-nın Azərbaycanda tətbiq edilməsi üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsi, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsi və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.

Son xəbərlər
Digər xəbərlər