ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) ölkə iqtisadiyyatını dəstəkləmək üçün təcili tədbirlər görüb. Tənzimləyici “koronavirusun ABŞ-dakı təşkilatlara zərər vurduğunu və iqtisadi fəaliyyətə xələl gətirdiyini” vurğulayaraq, faiz dərəcəsini 1-1,25% səviyyəsindən 0-0,25% səviyyəsinə endirib. Donald Tramp FED-in bu addımını müsbət qiymətləndirir.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Maliyyə bazarlarında kritik vəziyyətlə qarşılaşan FED, diskont pəncərəsində təcili kreditləşmə üzrə faiz dərəcəsini endirib.
Diskont pəncərə “bank sisteminin likvidliyinin qorunub saxlanması, habelə effektiv pul-kredit siyasətinin həyata keçirilməsi üçün böyük rol oynayır”, FED-in mesajında deyilir.
Qeyd edildiyi kimi, tənzimləyici faiz dərəcəsinin aşağı endirilməsi ilə kifayətlənməyib kəmiyyət yumşalmasının yeni dövriyyəsinə başladı. QE proqramına əsasən FED dövlət istiqrazları və ipoteka ilə təmin olunan qiymətli kağızlar da daxil olmaqla 700 milyard dollar aktiv əldə etmək niyyətindədir.
Kəmiyyət yumşalması 500 milyard dollarlıq xəzinə istiqrazlarının və agentliklər tərəfindən 200 milyard dollara maliyyələşdirilən ipotekalı qiymətli kağızların alınması yolu ilə həyata keçiriləcəkdir. Proqram martın 16-da başlayacaq.