ABŞ Federal Ehtiyat Sisteminə (FED) 19 il rəhbərlik etmiş tanınmış iqtisadçı Alan Qrinspan 101 yaşında vəfat edib. Bu barədə NBC telekanalı məlumat yayıb.
Məlumata görə, Qrinspan Parkinson xəstəliyinin yaratdığı ağırlaşmalar nəticəsində öz evində dünyasını dəyişib.
Qrinspan 1987–2006-cı illərdə ABŞ Mərkəzi Bankının funksiyalarını yerinə yetirən FED-ə rəhbərlik edib. O, dörd ABŞ prezidenti dövründə ardıcıl beş müddət bu vəzifədə çalışıb.
İqtisadçı ABŞ tarixinin ən uzun iqtisadi yüksəliş dövrlərindən biri hesab olunan 1991–2001-ci illərdə pul-kredit siyasətinin idarə olunmasına görə geniş tanınıb. Həmçinin 1987-ci ildə baş vermiş və “Qara bazar ertəsi” kimi tanınan fond bazarı çöküşü zamanı operativ addımları ilə yadda qalıb.
Bununla yanaşı, tənqidçilər hesab edirlər ki, onun qərarları 2007–2008-ci illərin qlobal maliyyə böhranına aparan şəraitin formalaşmasına töhfə verib. 2011-ci ildə fəaliyyət göstərən müstəqil komissiya Qrinspanın 2000-ci illərin əvvəllərində yaranmış ipoteka köpüyünü vaxtında müəyyən edə bilmədiyi qənaətinə gəlib.
NBC-nin məlumatına görə, Qrinspan 1926-cı ildə Nyu-Yorkda anadan olub. Gənclik illərində musiqi ilə məşğul olub və musiqi qrupunda çıxış edib, daha sonra isə iqtisadiyyat sahəsini seçib.
Qrinspan ABŞ-nin ən yüksək mülki mükafatı olan Prezident Azadlıq Medalı ilə təltif olunub. O, həmçinin Fransanın Fəxri Legion ordeninə və Britaniya İmperiyası Ordeninin cəngavər tituluna layiq görülüb.
FED rəhbəri ABŞ iqtisadiyyatının miqyası və dolların qlobal maliyyə sistemindəki rolu nəzərə alınaraq dünya maliyyə sisteminin ən nüfuzlu fiqurlarından biri hesab olunur.







