Banker.az xəbər verir ki, maliyyə ekspertlərinin demək olar ki, 100%-i əmindir ki, ABŞ FES (Federal Ehtiyat Sistemi) növbəti iclasda baza faiz dərəcələrini artıracaq. Lakin tənzimləyicinin balansında 4,5 trilyon dollar dəyərində xəzinədarlıq və ipoteka istiqrazlarının şişirdilmiş portfelinin olması faiz dərəcələrinin növbəti artımını dayandıra bilər. 20 trilyon dollara çatmış dövlət borcu da digər tərəfdən problem yaradır.
CME Group analitik şirkətinin proqnozuna əsasən, ABŞ FES 13-14 iyun tarixində keçirilən iclasında baza faiz dərəcəsini yenidən, yəni 7 ayda üçüncü dəfə ardıcıl olaraq artıracaq. Ekspertlər bunun baş vermə ehtimalını 99,6% olaraq qiymətləndirib.
Bundan əlavə, iqtisadçıların gözləntilərinə əsasən, tənzimləyici cari ilin sonuna qədər minimum olaraq bir dəfə də faiz dərəcələrini artıracaq.
Aşağı səviyyəli inflyasiya göstəriciləri və 2017-ci ilin birinci rübündə kəskin zəif artım Amerika Mərkəzi bankının faiz dərəcələrinin artırılmasının aşağı dərəcəli işsizlik səviyyəsi nəzərə alınmaqla məntiqli qərar olduğu barədə fikrini dəyişməyəcək. Həmçinin iki günlük iclasın yekunlarına əsasən yenilənmiş iqtisadi proqnozlar nəşr ediləcək, FES sədri Janet Yellen isə mətbuat konfransı keçirəcək.
“Düşünürəm ki, onlar faiz dərəcələrini artırmağa hazırlaşırlar və cari məzənnəyə riayət etməyə davam edəcəklər” – deyə Moody’s Analytics iqtisadçısı Rayan Svit bildirib.
FES rəhbəri daha əvvəl bildirmişdi ki, iqtisadiyyatın gücü onları maraqlandırmır. Tənzimləyici birinci rübdəki zəif artımı müvəqqəti hesab edir və inflyasiyanın 2%-lik hədəf göstəricisi istiqamətində hərəkət etməyə davam edəcəyini güman edir. Bunu isə Marketwatch qeyd edib.
UBS iqtisadçısı Set Karpenter belə hesab edir ki, 14 iyun tarixində istehlak qiymətləri və pərakəndə satış dinamikası ilə bağlı may hesabatları nəşr ediləcək, lakin bu məlumatlar çətin ki, iyun ayında faiz dərəcələrinin artırılmasına təsir etsin. Qısası, əgər nəticələr gözləntilərdən əhəmiyyətli dərəcədə zəif olsa, bu faiz dərəcələrinin sentyabr ayında artırılmasını təhlükə altında qoya bilər və FES-nin bəyanatının tonunu potensial olaraq dəyişə bilər.
İqtisadçılar güman edirlər ki, FES bu il faiz dərəcələrinin artırılması ilə bağlı daha bir qərar verə bilər. 2018-ci ildə isə bunu 3 dəfə edəcək ki, bunun da nəticəsində federal fondlar üzrə faiz dərəcəsi 2018-ci ilin sonunda 2,1%-ə çatacaq.
Lakin bazarda sentyabr ayında keçirilən iclas zamanı baza faiz dərəcəsinin artırılması ilə bağlı şübhələr var. Bunun baş vermə ehtimalı hazırda 23% olaraq qiymətləndirilir.
UBS hesab edir ki, 2019-cu il ərzində faiz dərəcələrinin iki qat artırılması ehtimalı 40% təşkil edir.
Bir sıra ekspertlər isə belə güman edir ki, sentyabr ayında faiz dərəcəsinin artırılması ABŞ-ın dövlət borcunun növbəti dəfə “tavana qalxmasına” mane ola və onu 20 trilyon dollar səviyyəsində “dondura” bilər.