Financial Times: Dubay Hörmüz boğazından yan keçmək üçün yeni dəniz limanı inşa edir

Dünyanın ən böyük liman operatorlarından biri olan Dubayın DP World şirkəti Fars körfəzində yüklərin Hörmüz boğazından yan keçməklə daşınmasına imkan verəcək yeni dəniz limanı tikməyi planlaşdırır. Financial Times qəzetinin məlumatına görə, layihə Fuceyrə əmirliyinin sahilində yeni çoxprofilli dəniz limanı və yeni terminalın inşasını nəzərdə tutur. Nəşr bu barədə məlumatlı mənbələrə istinad edib. Fuceyrə Ərəb dənizinin Oman körfəzi sahilində yerləşir.

Hazırda DP World-un Fars körfəzindəki ən böyük limanı Dubay əmirliyində yerləşən Cəbəl-Əli limanıdır. Bu limandan açıq okeana çıxış üçün gəmilər Hörmüz boğazından keçməlidir. ABŞ və İran arasında davam edən gərginlik səbəbindən boğazda gəmiçilik təhlükəsizliyi ilə bağlı risklər qalmaqdadır. Fuceyrə isə Hörmüz boğazının digər tərəfində yerləşdiyi üçün Dubaydan və Fars körfəzinin digər ölkələrindən yüklər əvvəlcə quru yolu ilə Cəbəl Əlidən Fuceyrəyə daşına, daha sonra isə dənizlə göndərilə bilər.

FT-nin məlumatına görə, DP World hazırda Fuceyrə əmirliyinin hakimiyyəti ilə yeni limanın tikintisi üzrə danışıqlar aparır. Müzakirələrin əsas mövzuları layihənin maliyyələşdirilməsi və icra müddətidir.

Şirkət rəhbərliyinə yaxın mənbələrin sözlərinə görə, yeni liman növbəti təxminən bir il yarım ərzində inşa edilə bilər.

DP World Fuceyrə sahilində həyata keçirilməsi planlaşdırılan layihələrin detalları barədə şərh verməkdən imtina edib. Bununla belə, şirkət bildirib ki, “mövcud böhranın təsirlərini azaltmaq üçün daşımaların şaxələndirilməsi istiqamətində planlar hazırlanır”.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər