Vergi Məcəlləsinin 123-cü maddəsinə əsasən, fiziki şəxslərin əmanətləri üzrə faiz gəlirlərinin onlara məxsus olan kapital gəlirləri olması nəzərə alınmaqla, faiz gəlirlərinin milli və ya xarici valyutada olmasından asılı olmayaraq, banklar tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qanunvericiliyin tələblərini “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə şərh edir:

2024-cü ildən etibarən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vətəndaşların əmanətlərə görə əldə etdiyi faizlərə görə güzəştlər tətbiq olunur. Məcəllənin 102.1.22-3-cü maddəsinə görə, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanmış aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Bundan əlavə, Vergi Məcəlləsinin 102.1.22-4 maddəsində göstərilib ki, fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə, hesablanmış faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə gəlir vergisindən azad edilib.

Maddədən də göründüyü kimi, bu azadolmalar yalnız milli valyutada olan depozit faizlərindən gəlirlərə aid edilir.

Misal: Vəlizadə Raul (ad şərtidir) banka 180.000 manat əmanət yerləşdirib ki, bunun da qarşılığında bankdan illik 8 faiz gəlir əldə edəcək. Hesablamara əsasən, bank həmin şəxsə illik 14.400 manat faiz gəliri verəcək:

180000*8% = 14.400 manat.

Bankla razılaşmaya əsasən, R.Vəlizadə gəliri aylıq götürəcək. Bu halda, bank həmin şəxsdən aşağıdakı qaydada ödəmə mənbəyindən vergi tutacaq:

illik faiz gəliri – 14.400 manat;

aylıq faiz gəliri – 14.400 : 12 = 1200 manat;

ödəmə mənbəyində vergi – (1.200 – 200) x 10% = 100 manat;

aylıq ödəniləcək vəsait – 1.200 -100 =1.100 manat.

Lakin şəxs milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirdikdə və depozitin məbləğini 18 aydan tez olmadan götürdükdə hesablanmış faiz gəlirlərindən heç bir vergi tutulmayacaq və aylıq hesablanmış 1.200 manatı ala biləcək.