Təbii ehtiyatların ixracından asılı olan başqa ölkələr kimi, Azərbaycan iqtisadiyyatı da, xüsusilə neft və qaz sektoru qlobal koronavirus pandemiyası təsirindən əziyyət çəkib, Forbes nəşrinin təhlilində qeyd olunur.
Biznes dairələrinin nüfuzlu nəşrinə əsasən, pandemiyadan əvvəl 2,3 faiz artacağı gözlənən Azərbaycan iqtisadiyyatının həcmi 2,6 faiz azala bilər.
Gələn il ÜDM-in yenidən 2,2 faiz artacağı proqnozlaşdırılsa da, iqtisadiyyatın yenidən qurulması üçün çevik tədbirlərin vaxtı gəlib çatmış ola bilər, Forbes nəşri, belə bir nəticəyə gəlir.
Avqustun 6-da ölkənin iqtisadi vəziyyəti müzakirə edilərkən, Azərbaycan prezidenti İlham Əliyev dövlətə məxsus neft və qaz nəhəngi – SOCAR şirkətini israfçı xərcləmələr və layihələri həyata keçirmək üçün öz gəlirlərinə deyil, dövlət büdcəsinə üz tutduğuna görə tənqid edib.
İflas ola bilərmi?
“Prezident öz nitqində, müxtəlif sənaye sahələrində fəaliyyət göstərən digər dövlət inhisarları ilə yanaşı, neft və qaz nəhənginin özəlləşdirilməsinə dair çağırış edib,”- yazan Forbes əlavə edir ki, SOCAR-ın səmərəsizliyi barədə dövlət başçısının sərt sözləri artıq gecikmiş ola bilər.
Rutgers Universitetinin azərbaycanlı iqtisadçı tədqiqatçısı Qubad İbadoğlunun proqnozuna görə, dərhal ciddi struktur addımlar atılmazsa, SOCAR 2023-cü ilə qədər iflasa uğraya bilər.
Lakin neft məsələləri üzrə təhlilçi İlham Şaban belə proqnoza skeptik yanaşır. Onun sözlərinə görə, SOCAR-ın maliyyə vəziyyəti qarşıdan gələn illər ərzində yaxşılaşmağa doğru getdiyi bir halda, iflas ehtimalı inandırıcı görünmür.
“SOCAR hazırda ümumi dəyəri 500 milyon dollardan az olan neft satırsa, onun işə salınacaq layihələri şirkətin gəlirlərini əhəmiyyətli şəkildə artıracaq,”- təhlilçi deyir.
“SOCAR-ın işə salacağı və modernizasiya etdiyi şirkətlər ona aviasiya kerosini, avro-5 dizeli, benzin satmaq üçün əlavə imkanlar verəcək. SOCAR maksimum 3 ildən sonra xarici bazarda 2 milyon ton yanacaq sata biləcək. Onun bu sahədə gəliri 2 dəfə artaraq, 1 milyard dollara çatacaq. Mən daha başqa layihələrdən danışmıram,”- İlham Şaban BBC News Azərbaycancaya deyib.
Forbes nəşrinə əsasən, bu və ya digər dərəcədə postsovet ölkələrinin əksəriyyəti keçmiş dövlət aktivlərini özəlləşdirmək strategiyasını qəbul ediblər. Məqaləyə əsasən, Rusiya 90-cı illərdə baş tutan özəlləşdirmənin bəzi nəticələrini yenidən nəzərdən keçirir, Ukrayna isə bir neçə mərhələdə həyata keçirdiyi özəlləşmədə çətinliklərlə üzləşib.
Lakin ABŞ nəşrinə əsasən, Azərbaycan üçün ən maraqlı misal Qazaxıstan ola bilər. Avropa, Rusiya və Şərqi Asiya arasındakı coğrafi vəziyyətindən faydalanmaq və xarici maliyyə cəlb etmək məqsədini güdən bu ölkə 2015-ci ildə Astana Beynəlxalq Maliyyə Mərkəzini (AIFC) işə salıb.
2020-ci ilin iyununa qədər maliyyə mərkəzi dünyanın 35 ölkəsindən 500 korporasiyanı cəlb edib, ilin birinci yarısında koronavirusun yayılmasına baxmayaraq, AİFC daha 122 şirkəti qeydiyyata ala bilib.
İlham Şabanın dediyinə görə, Azərbaycanda da iqtisadiyyatın bir hissəsini sərmayəçilərin nəzarətinə vermək istəyi olub, lakin hazırda bu sahədə həyata keçirilən layihələrə münasibət birmənalı deyil.
“Belə şirkətlər xeyli vaxtdır ki, var. Amma onların bəziləri iclas keçirmir, bəziləri sərmayədarlarına bir dəfə olsun divident verməyib. Yəni, bu sistem işləmir, çünki lazmı mühit yaradılmayıb. Misal üçün, toxumu torpağa atanda o torpaq münbit olmalıdır. Yəni, bunun işləməsi üçün, başqa sahələrdə də islahatlar olmalıdır, məhkəmə sistemi dəyişməli, infrastruktur yaradılmalıdır və sairə”.
“Siam əkizləri”
Azərbaycanın ümumi daxili məhsulun 40 faizi neft və qazdan əldə edilir ki, bu da hökumətin büdcə gəlirlərinin üçdə ikisini və ixrac gəlirlərinin 80 faizini təşkil edir, Forbes dərgisi qeyd edir.
İlham Şabanın dediyinə görə, məhz Forbes-un göstərdiyi rəqəmləri nəzərə almaqla, büdcənin əsas gəlir mənbəyi olan SOCAR-ın özəlləşdirilməsini təsəvvür etmək qeyri-real görünür.
“Kim harada çətinə düşərsə, hökumətə müraciət edir ki, SOCAR-dan kömək alsın. SOCAR sanki bir xilaseidici “çubuq” rolunda çıxış edir. SOCAR lazımı anda dövlətə, dövlət də SOCAR-a dəstək verir. Yəni, SOCAR və hökumət iqtisadiyyatda “Siam əkizləri” kimi bir şeydir. Onları ayrımaq olmayacaq”.
İlham Şabanın dediyinə görə, SOCAR-ın büdcəyə ödənişləri və qlobal neft qiymətləri arasında mütənasiblik yoxdur və neftin qiymətindən asılı olmayaraq, SOCAR-ın büdcəyə ayırdığı vəsaitin həcmi dəyişməz qalır. Buna görə də hökumət “işıldayan aktivi” saydığı SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq.
“Hökumət SOCAR-a deyə bilər ki, sən effektivliyini artır. Amma hökumət başa düşür ki, o, SOCAR-sız keçinə bilməz”.
Bu arada Forbes nəşri yazır ki, Azərbaycan hökuməti hələ də Azərbaycan Hava Yolları, Aztelekom, Azərenerji, Azərkosmos və Bakı Metropoliteni kimi inhisarçı qurumlarda əhəmiyyətli paya sahibdir.
Forbes dərgisi hesab edir ki, özəlləşmə nəticəsində “bazar iştirakçıları arasında artan “rəqabət və təkmilləşdirilmiş” korporativ idarəetmə istehlakçılara fayda gətirəcək,vergi bazasını artıracaq və orta və uzunmüddətli dövrdə daha yaxşı “maaşlı iş yerləri yaradacaqdır”.
Azərbaycan bu strateji kursdan böyük fayda əldə edə bilər, Forbes yazır.