Valyuta hərracları dayanıb, AMB yenidən alışyönlü müdaxilə ehtimalını gündəmdə saxlayır

Azərbaycan Mərkəzi Bankının (AMB) son açıqlamaları əsasən manatın məzənnəsi və onun makroiqtisadi sabitliyə təsiri ətrafında cəmlənib. Banker.az xəbər verir ki,  AMB sədri Taleh Kazımov mətbuat konfransında hazırkı monetar yanaşmada sabit məzənnə rejimi idxal inflyasiyasının kəskin artmasının qarşısını alan əsas alətlərdən biri kimi çıxış etiyini bildirib.

“İnflyasiyanı yuxarı doğru reviziya etmişik. Təhlillərimiz onu göstərir ki, bunun əsas səbəbləri məhz təklif amilləridir. Bizim də yeganə əlimizdə olan rıçaq və düşünürəm ki, bu günə kimi bizə çox dəstək olub – sabit məzənnə rejimimizdir”, – deyə AMB sədri qeyd edib. Onun sözlərinə görə, məzənnə kanalı vasitəsilə idxal olunan inflyasiyanın sürətli artımı məhdudlaşdırılır.

Kazımov həmçinin bildirib ki, inflyasiyanın strukturunda tələb amillərinin payı nisbətən aşağıdır: “Tələb amillərinə gəldikdə isə, bugünkü inflyasiyanın dekompozisiyasında onlar 20-30% təşkil edir. Yəni bu situasiyada faiz dərəcələrinin kəskin artımı iqtisadiyyatın dəstəklənməsinə mənfi təsir edə bilər”.

Valyuta bazarı ilə bağlı vəziyyətə toxunan AMB sədri qeyd edib ki, son aylarda təklif tələbi üstələyib və bu, məzənnə sabitliyini dəstəkləyib. “Buna görə də AMB valyuta bazarına aprel ayında müdaxilə etdi və AMB-nin ehtiyatları 12,7 mlrd. dollara çatdı”, – deyə o bildirib.

Mərkəzi Bankın məlumatına görə, strateji valyuta ehtiyatları mayın 1-nə 87,9 mlrd. dollara yüksəlib və bu, təxminən 38 aylıq idxalı qarşılayır. Kazımov əlavə edib ki, “strateji valyuta ehtiyatları geniş manat kütləsinin (M2) 3,7 dəfə üstələyir”.

Eyni zamanda AMB son iki ayda valyuta hərraclarının keçirilmədiyini, bazarda təklifin üstünlüyünün davam etdiyini qeyd edib. “Qarşıdakı 2-3 ayda valyuta bazarında cari vəziyyət davam edəcək”, – deyə o bildirib. AMB ilin sonuna doğru zərurət yaranacağı halda yenidən bazara müdaxilə ehtimalını da istisna etməyib.

Son xəbərlər
Digər xəbərlər