Fransanın Azərbaycandakı səfirliyi bu ölkəyə viza almaq üçün yeni qaydaları açıqlayıb.
Səfirlikdən verilən məlumata görə, noyabrın 7-dən etibarən səfirliyin viza bölməsində müraciətlər qəbul olunmayacaq.
Yalnız Azərbaycanın rəsmi və diplomatik pasport sahibləri istisna təşkil edir və viza üçün əvvəlki qaydada müraciət edə bilərlər.
Bildirilib ki, Fransız vizalarının yeni mərkəzi olan CAPAGO şirkəti Bakıda “Globus Center”də, Cəfər Cabbarlı küçəsi 609 ünvanında yerləşir və sabahdan açıq olacaq. Həmin tarixdən başlayaraq bu şirkət əvvələr fransız vizaları üçün təqdim olunan sənədlərin baxılmasını həyata keçirən TLS şirkətini əvəz edəcək.
CAPAGO tərəfindən idarə olunan fransız viza mərkəzi bazar ertəsindən cümə gününə qədər, saat 9:00-dan 17:00 kimi açıq olacaq.
Yeni viza mərkəzi görüşlərin alınması, viza ilə bağlı sualların cavablandırılması, Fransız viza mərkəzində əhalinin qəbulu, viza müraciətlərinin qəbulu, barmaq izlərinin götürülməsi, xidmət xərclərinin toplanması (standart qiymət 26 avro) və viza xərclərinin toplanması, pasportların geri qaytarılması (görüş götürməyə eytiyyac olmayacaq və yuxarıda göstərilən saatlarda geri qaytarılacaq) kimi işləri həyata keçirəcək.
“İşguzar” müştərilər üçün yüksək keyfiyyətdə xidmət göstərən “Premium” salonu yaradılıb. Qiymət 80 manatdır (viza rüsümdan savayı).
Yeni fransız viza mərkəzində görüş götürmək üçün France Visas saytına daxil olmaq lazımdır: https://france-visas.gouv.fr/web/az, sonra isə təklif olunan linklərə daxil olub CAPAGO saytında görüş götürmək olar.
Səfirlikdən bildirilib ki, İspaniya, Belçika, Niderland, Portuqaliya və Lüksemburq üçün viza müraciətlər CAPAGO şirkəti tərəfindən idarə olunan yeni fransız viza mərkəzində baxılacaq.