14 C
Baku
Friday, May 17, 2024

Fuad Sadıqov: “Hədəfimiz aqrar siğorta üzrə “vahid pəncərə” sistemi yaratmaqdır”

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun müsahibəsi:

– Fuad müəllim, bu yaxınlarda Türkiyənin Kənd Təsərrüfatı Sığorta Birliyinin (TARSİM) nümayəndələrinin Bakıya səfəri və sizinlə görüşü baş tutdu. Zəhmət olmasa, bu səfərin məqsədləri barədə məlumat verərdiniz.

– Səfərin əsas səbəbi Azərbaycanda aqrar siğorta mexanizminin nəticələrinin və gələcəkdə birgə atılacaq addımların müzakirəsidir. Hazırda Azərbaycanda qurulmuş mexanizmin ilk nəticələri göstərir ki, ölkədə bu xidmətlərə ehtiyac var. Ötən il 2020-ci ilə nisbətən ölkədə aqrar siğorta üzrə siğorta haqlarında 400 % artım olub. Bu, yaxşı bir göstəricidir. Növbəti dövrlərdə Azərbaycanda sistemin daha da effektiv və dayanıqlı çalışması, fermer yönümlü olması istiqamətində fikir mübadilələri aparılır.

Biz Türkiyə Respublikası ilə birlikdə dövlət- özəl sektor əməkdaşlığı üzərində qurulan və hovuz sistemi prinsipi ilə çalışan aqrar siğorta mexanizminin digər türkdilli dövlətlərdə tətbiq edilməsi barədə düşünürük.

Artıq Türkiyənin Özbəkistan Respublikası ilə aqrar siğorta sahəsində müəyyən razılaşmaları əldə olunub. Həmin razılaşma əsasında Azərbaycanda tətbiq edilən modelin eynisinin Özbəkistanda yaradılması üzərində müzakirələr gedir. Bunlar hazırda ikitərəfli müzakirələrdir və növbəti dövrdə üçtərəfli müzakirə formatına keçiləcək. Əsas məqsəd Azərbaycanda tətbiq edilən mexanizmi digər türkdilli dövlətlərdə də tətbiq etmək və Azərbaycandakı modelin daha da uğurlu olması üçün atılacaq addımların müzakirəsidir.

– Ötən il siğorta haqlarının 400 % artdığını vurğuladınız. Bəs siğorta ödənişləri üzrə vəziyyət necə olub?

– Ötən il 2020-ci ilə nisbətdə siğorta ödənişlərində də müəyyən dəyişiklik var. Lakin ötən il toplanan siğorta haqlarının ödənişlərinin verilməsi bu ilə təsadüf edir. Çünki əsas əkim mövsümü ilin sonuna düşür. Aqrar Siğorta Fondunun siğorta haqları üzrə topladığı 6 milyon manatın 5,5 milyon manatı ötən ilin dekabr ayında toplanıb. İnsanlar əkin sahələrinə toxumu noyabr-dekabr aylarında səpir, lakin məhsulun bitməsi fevral-mart aylarına təsadüf edir. Ona görə də biz ötən il yığdığımız siğorta haqları qarşısında nə qədər ödəniş etdiyimizi bu ilin ortalarında deyə bilərik.

– Fond olaraq bu il üçün planlarınız nələrdən ibarətdir?

– Artıq Azərbaycanda aqrar siğorta üzrə oturuşmuş bir sistem var. Hazırda sistemdə olan boşluqların aradan qaldırılması və xidmət səviyyəsinin yüksəldilməsi üzərində çalışırıq. Məsələn, hüquqi-normativ bazada olan boşluqların doldurulması və elektron ödənişlərin həyata keçirilməsi üçün imkanlar yaratmaq əsas istiqamətimizdir. Sonraki planımız isə 2022-2023-cü illərdə qanunvericilikdə dəyişiklik edilməsi ilə sistemin əhatə dairəsinin genişləndirilməsidir.

Bu il Azərbaycanda aqrar siğorta üzrə təkmilləşdirmə ilidir. Artıq qanun layihəsi hazırlanaraq müvafiq dövlət orqanlarına göndərilib. Onların rəyindən sonra layihə Nazirlər Kabinetinə təqdim ediləcək. Həm idarəçilikdə, həm də Fondun fəaliyyət effektivliyinin artırılması istiqamətində qanunda müəyyən dəyişikliklər edilməlidir.

– Aqrar siğortanın əhatə dairəsinin genişləndirilməsi baxımından hansı planlarınız var?

– Siğorta təminatı verilən xəstəliklərin sayının artırılması nəzərdə tutulur. Hazırda heyvandarlıq üçün yalnız yoluxucu xəstəliklər üzrə siğorta təminatı verilir. Biz bu siyahıya digər xəstəlikləri də əlavə etmək istəyirik. Aqrar sahə ilə bağlı digər siğorta xidmətlərinin verilməsini də nəzərdə tuturuq. Bura avadanlıqların, parniklərin, anbarların, texnikaların da siğortalanmasını aid etmək istəyirik. Məsələn, fermer gəlib buğda təsərrüfatını siğortalamaq istəyəndə öz traktorunu da siğortalaya biləcək.

Əsas hədəfimz aqrar siğorta sahəsi üzrə “vahid pəncərə” sistemi yaratmaqdır ki, vətəndaşlar aqrar siğorta ilə bağlı hansı xidməti əldə etmək istəsə bizə müraciət etsin. Yəqin ki, bu ilin sonu gələn ilin əvvəllərinə bu dəyişikliklər qüvvəyə minəcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər