15 C
Baku
Saturday, April 20, 2024

Gələn ildən “Ağ şəhər”də yeni metro stansiyası tikiləcək

Gələn ildən “Həzi Aslanov” stansiyasında tikinti işlərini davam etdirmək üçün dövlət proqramı çərçivəsində bu layihəyə vəsait ayrılacaq.

Bunu “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, “Ağ şəhər”də də yeni stansiyanın tikintisi həyata keçiriləcək:

“Metronun perspektiv inkişaf planı cənab Prezidentin sərəncamı ilə təsdiqlənib və proqram hazırlanıb. Əslində biz çoxdan stansiyaların sayını artırmalı idik. Amma düşünürəm ki, daha ciddi səbəblərdən bu məsələlər bir qədər yubanır. Məsələn, azad edilmiş ərazilərimizin bərpası üçün investisiyaların ayrılmasına daha çox ehtiyac var.

Amma buna baxmayaraq metropolitenin də tikintisinə vəsait ayrılıb. Hazırda “B-04” stansiyasında tikinti işləri aparılır. Həmçinin “Yaşıl” xəttin “Y-14”, “Y-15” və “Y-16” stansiyalarında tikinti işləri aparılacaq”.

QSC-nin Baş mühəndisi hesab edir ki, iki xəttin “28 May” stansiyasında bir səviyyədə kəsişməsi metropolitenin mənfi cəhətidir: “Apardığımız monitorinqlər nəticəsində deyə bilərik ki, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Həzi Aslanov” stansiyalarından metroya minən sərnişinlərin 90 %-i “Elmlər Akademiyası” – “Memar Əcəmi” istiqamətinə gedir.

Qarşımızda duran ən böyük məsələ “28 May” stansiyasında xətlərin bir-birindən ayrılmasıdır. İlk olaraq xətləri ayıran tunelin kiçik bir hissəsi tikilməlidir ki, “Xətai”dən gələn sərnişin “Cəfər Cabbarlı”dan birbaşa “Nizami”yə və digər stansiyalara getsin. Layihəni tamamlamaq üçün “Xətai”, “Dərnəgül” və “İçərişəhər” stansiyalarının davamı olan dönmə kameralı stansiyalar da inşa edilməlidir.

Bu gün layihələnmiş stansiyaları tikmək üçün texniki imkanlarımız kifayət qədərdir. Sadəcə bizdən asılı olmayan bəzi məsələlərə görə, bu prosesin konkret tarixlərini demək olmur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər