8 C
Baku
Thursday, December 12, 2024

Gizli iqtisadiyyat və “qara mühasibatlıq” aradan qalxacaq

Azərbaycanda bütün vergi ödəyicilərinin “Vahid Mühasibatlıq Sistemi”nə keçidi imkanları təhlil olunacaq, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcək. Kiçik və orta ölçülü şirkətlərin yeni mühasibatlıq sisteminə rahat keçidini təmin etmək üçün mərhələli miqrasiya planı hazırlanacaq”.

Bu, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramın”da əksini tapıb.

Banker.az bildirir ki, vergi ödəyicilərinin vahid mühasibatlıq sisteminə keçidini mənbəyə şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib ki, qanunvericiliyə edilən son dəyişikliklərdən sonra artıq Azərbaycanda beynəlxalq mühasibat uçotu standartlarına keçid yaşanır.

“Bütün ölkə ərazisində, beynəlxalq aləmdə olduğu kimi, vahid mühasibat uçotu standartları tətbiq olunacaq. Eyni zamanda, elektron mühasibatlığın tətbiqinin genişləndirilməsi təşviq ediləcək. Hazırda tətbiq edilən elektron qaimə bunun bir nümunəsidir. Şirkətlər arasında alqı-satqı, tədarük müvafiq qurumların görə biləcəyi şəkildə elektron qaydada həyata keçirilə biləcək” – deyə Atakişiyev bildirib.

Onun sözlərinə görə, artıq heç bir vergi yoxlaması aparılmadan müəssisələr arasında aparılan əməliyyatlar burada öz əksini tapacaq: “Hazırda bunun bir hissəsi həyata keçirilməkdədir. Bunun növbəti illər üçün daha təkmil formada həyata keçirilməsi planlaşdırılır”.

Atakişiyev əlavə edib ki, bunun bütün ölkə ərazisində tətbiqi nəzərdə tutulur: “Müəssisələr mühasibat uçotunu aparanda bu, vahid bir şəkildə görünəcək. Büdcə təşkilatlarında da bunun həyata keçirilməsi sürətləndirilib və burada bulud texnologiyasından (proqram-aparat təminatı) istifadə edilməyə çalışılır. Beləcə, hər bir təşkilatın kabinetləri, qovluqları formalaşır”.

Ekspertin firkincə, “Vahid Mühasibatlıq Sistemi”nə keçidi zəruri edən məsələlər çoxdur: “Bu, şəffaflığa, maraqlı tərəflərin hesabatları vaxtında əldə etməsinə, gizli iqtisadiyyatın açıq iqtisadiyyata, “qara mühasibat”lığın, “ağ mühasibat”lığa keçməsinə, proqnozlaşdırmanın düzgün şəkildə həyata keçirilməsinə və s. gətirib çıxarır”.

 

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə, Sputnik Azərbaycan-a şərhində qeyd edib ki, hazırda şirkətlərin və fərdi sahibkarların mühasibatlıqları fərqli elektron, rəqəmsal sistemlər çərçivəsində həyata keçirilir: “Onların sistemi ilə vergi orqanının sistemi arasında müəyyən fərqlər yarana bilir və bu zaman vaxt itkisi olur”.

“Bunun araşdırılması tərəflər üçün vaxt itkisidir. Vergi ödəyicilərinin “Vahid Mühasibatlıq Sistemi”nə keçidini müsbət qiymətləndirirəm” – Həsənov vurğulayıb.

Dövlət Proqramında deyilir ki, kiçik ölçülü təşkilatların miqrasiya planının hazırlanmasında iştirakı təmin ediləcək.

sputnik.az

Son xəbərlər
Digər xəbərlər