Banker.az xəbər verir ki, Google şirkəti Fransada məhkəmə prosesindən qalib olaraq ayrılıb. Beləliklə, şirkət Fransa vergi xidmətinin iddia etdiyi 1,12 milyard avro dəyərində məbləği ölkə büdcəsinə ödəməkdən xilas ola bilib.
Fransa məhkəməsinin qərarına görə, Google ölkə daxilindəki satışların bir hissəsini İrlandiyada yerləşən bölməsində qeydiyyata almaqla qanunvericiliyi pozmayıb.
Məhkəmə belə təyin edib ki, Google şirkətinin Avropada həyata keçirilən əməliyyatlara cavabdeh olan İrlandiya bölməsi Fransa vergi sisteminə cəlb edilə bilməz.
Qeyd edək ki, 2015-ci ildə Fransa vergi xidməti ölkənin hüquq-mühafizə orqanlarına müraciət edərək, Google Ireland Ltd. şirkətinin Fransa ərazisində fəaliyyət göstərməsinə baxmayaraq vergi bəyannaməsi təqdim etməməsi ilə bağlı şikayət irəli sürmüşdü.