Sentyabrın 4-də “Google”un özəl şirkət qismində rəsmi qeydiyyatdan keçməsinin 20 ili tamam olur. Bu müddətdə “Google” kiçik firmadan tutmuş bir çox texnoloji sahələrlə məşğul olan transmilli korporasiyaya qədər inkişaf yolu keçib. Lakin şirkətin ad günü ilə bağlı indi də mübahisələr var.
TASS informasiya agentliyinə istinadən, “Google” axtarış sisteminin tarixi 1996-cı ildən – Stenford Universitetində (Kaliforniya ştatı, ABŞ) təhsil alan Larri Peyc və Sergey Brinin internet-axtarış sisteminə dair öz elmi-tədqiqat layihələrini işə saldığı vaxtdan başlanıb. Onlar yeni sistemi “BackRub” adlandırıblar, lakin sonra buna “Google” adı verilib. “Google” onluq say sistemində vahid və 100 sıfır ilə təsvir edilən ədəd deməkdir.
Şirkətin domen adı 1997-ci il sentyabrın 15-də qeydiyyatdan keçib. Mütəxəssislərin çoxu şirkətin tarixinin onun özəl müəssisə kimi qeydiyyata düşdüyü vaxtdan – yəni 1998-ci il sentyabrın 4-dən hesablanmasının tərəfdarıdırlar. Lakin şirkətin özündə bu məsələyə başqa cür yanaşılır. Korporasiyanın rəsmi saytında qeyd edilir ki, “Google”un ad günü sentyabrın 27-nə təsadüf edir, lakin bu tarixin seçilmə səbəbi göstərilmir. “The New York Times” isə yazır ki, şirkət 2006-cı ildən başlayaraq ad gününü məhz bu tarixdə qeyd edir. Hətta 2013-cü ildə “Google” öz bloqunda etiraf edib ki, əməkdaşlar şirkətin rəsmi ad gününün vaxtını dəqiq bilmir.
“Google” ABŞ-ın hökumət dairələri ilə əməkdaşlıq etsə də, tez-tez tənqid olunur. Məsələn, ABŞ Prezidenti Donald Tramp ötən həftə bildirib ki, onun haqqında xəbərlər axtarışında “Google” ilk növbədə “yalançı KİV-lərin xəbərlərini” önə çəkir. Şirkətdə isə bu fikir təkzib edilib, xəbərlərin təsnifatının siyasi motivlərlə bağlı olmadığı vurğulanıb. Qeyd olunub ki, “Google”da axtarış sistemini işləyib hazırlayanlar daim bunun daha da yaxşılaşdırılması üzərində çalışır və cəmiyyətdə siyasi əhval-ruhiyyəni manipulyasiya etmək məqsədilə siyasi motivləri sıralamırlar.