7 C
Baku
Sunday, December 15, 2024

Gürcüstan Ermənistan qatığını gömrükdən buraxmır

Gürcüstan öz ölkəsi üzərindən Ermənistanda istehsal olunan qatığın xaricə ixracını qadağan edib. Problem ondadır ki, bu süd məhsulunun adı gürcü və erməni dilində təxminən eyni cür səslənir: qatığa ermənilər “matsun”, gürcülər – “matsoni” deyir.

Gürcüstan 2012-ci ildə “matsoni”ni ölkəyə aid “coğrafi göstərici”kimi (Geographical indication, GI) beynəlxalq səviyyədə qeydiyyatdan keçirib və bu məhsul bu ölkənin intellektual mülkiyyəti hesab olunur.

Bəzi Ermənistan istehsalçıları artıq erməni qatığını Rusiyaya “Erməni dağ yoqurtu” adı ilə ixrac etməyə başlayıblar.

Maraqlıdır ki, 2021-ci ilin yarısına qədər Ermənistan süd məhsulları istehsalçıları bu problemlə üzləşməyib. Ermənistan İqtisadiyyat Nazirliyi İntellektual Mülkiyyət İdarəsi rəhbəri vəzifəsini icra edən Kristine Hambaryanın Ermənistan mediasına açıqlamasına görə, Gürcüstan tərəfi bunu “ölkə siyasətinin bir hissəsi olaraq, intellektual mülkiyyətin müdafiəsinə daha sərt yanaşması ilə” izah edir.

Məsələni həll etmək üçün Ermənistan “coğrafi göstərici” qismində “matsun” adı qeydiyyatdan keçirməli, sonra Gürcüstan tərəfi ilə qarşılıqlı surətdə gürcü matsonisi və erməni mantsunun tanınması üzrə danışıqlar aparılmalıdır.

Ermənistan Baş naziri Nikol Paşinyanın sərəncamı ilə, Ermənistan qatığının ixracat məsələlərini həll etmək üçün işçi qrup yaradılıb.

Ermənistan İqtisadiyyat Nazirliyi hələ 2011-ci ildə Gürcüstanın “matsoni” adının qeydiyyatına qarşı nazirlik nəzdində İntellektual Mülkiyyət Agentliyi öz etirazlarını təqdim edib, lakin nəticəsi olmayıb.

Daha sonra Avropa İttifaqında da Ermənistan tərəfinin etirazları nəzərə alınmayıb.

Nazirlik qatıq ixracatının dayandırılması nəticəsində Ermənistan istehsalçılarının zərər miqyasını hesablamayıb, istehsalçılar isə bu barədə danışmaq istəmirlər.

Ermənistan qanunvericiliyinə əsasən, “matsun” məhsuluna “coğrafi göstərici” qeydiyyatı almaq üçün istehsalçılar müraciət etməlidir.

“Coğrafi göstərici” termini müəyyən coğrafi regiona məxsus olan və ya onların istehsal yeri ilə şərtlənən xüsusiyyətə və ya reputasiyaya malik olan malların ifadə edilməsini nəzərdə tutur.

Məsələn, Gürcüstanda bu siyahıya Suluquni pendiri, Ermənistanda Sevan işxan balığı (Sevan foreli) daxildir.

Son xəbərlər
Digər xəbərlər