Türkmənistanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin Prezidenti Sərdar Berdıməhəmmədovla görüşüb.
Tərəflər iki ölkə arasında ticari-iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün yeni imkanları müzakirə ediblər.
Görüşdə regional nəqliyyat layihələri və onların gələcək inkişafı məsələlərinə də toxunulub. Qeyd olunub ki, strateji layihələrin reallaşdırılması Asiya və Avropa arasında Xəzər və Qara dəniz vasitəsilə yükdaşımalarının effektivliyi və təhlükəsizliyini artırır ki, bu da öz növbəsində ticari-iqtisadi münasibətlərin genişləndirilməsi və regionalrarası əlaqələrin inkişafına təkan verir.
Vurğulanıb ki, Gürcüstan yeni avtomobil və dəmir yollarının tikintisinə, dəniz limanlarının imkanlarının genişləndirilməsinə böyük investisiyalar qoyur və ölkə ərazisindən Qara dənizə istiqamətlənən dəhlizdən istifadə Türkmənistan üçün əlverişlidir.
Tərəflər enerji sahəsində strateji tərəfdaşlığa da toxunublar və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.