Gürcüstan parlamenti ölkə vətəndaşlarının Şengen zonasına səfərlə bağlı yeni qaydaların yer aldığı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
2018-ci ildə hazırlanan sənədi bu gün 74 deputat dəstəkləyib.
Yeni sərt qaydalar Avropa İttifaqı ölkələrində sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayının artması səbəbindən hazırlanıb.
Qəbul olunan qanuna əsasən, Gürcüstan vətəndaşlarının biometrik pasportu yoxdursa, o, ölkədən buraxılmayacaq. Pasport 10 il müddətinə verilməli və vətəndaşın vətənə qayıtması zamanında etibarlılıq müddətinin başa çatmasına ən azı 3 ay qalmalıdır.
Gürcüstan vətəndaşının geri qayıdış bileti və ya mehmanxana bronu, digər sənədlər və Şengen zonasında həmin şəxsi qəbul edəcək insanın dəqiq ünvanı olmasa onun ölkə ərazisini tərk etməsinə qadağa qoyula bilər. Qadağaya səbəb kimi sığortanın, həmçinin pul vəsaitinin kifayət qədər olmaması da göstərilə bilər.
Düzəlişlərdə Gürcüstan vətəndaşlarına xarici ölkədə sığınacaq alması üçün pul müqabilində saxta arayış və sənədlərin verilməsinə görə cinayət məsuliyyətinin tətbiqi də nəzərdə tutulub. Bu cür qanunsuz əməllərə qarşı 2 ildən 6 ilədək, ağırlaşdırıcı hallarda 3 ildən 8 ilədək, qrup halında törədiləcək qanun pozuntusuna qarşı isə 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.
Qanun prezident imzalayandan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, 2017-ci ilin martından Gürcüstan vətəndaşları Şengen zonasına turizm, işgüzar və qonaq olmaq məqsədilə vizasız qısamüddətli səfər edə (180 gün ərzində 90 gün) bilirlər.