Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qismi fevralın 8-dən ləğv olunub.
Bu barədə Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.
Qərara əsasən bu gündən paytaxt Tbilisidə daxil olmaqla bütün böyük şəhərlərdə şəhərdaxili bələdiyyə nəqliyyatının hərəkəti, metro, avtobus və mikroavtobusların fəaliyyəti bərpa olunur.
Bundan başqa, ölkə ərazisindəki bütün qeyri-ərzaq mağazalarının, qapalı bazarların fəaliyyəti bərpa edilir.
Qida müəssisələri və restoranların fəaliyyətinə isə fevralın 15-dən icazə veriləcəyi bildirilir.
Qərarda qeyd olunur ki, böyük şəhərlərdə bərpa edilən sahələr üzrə məhdudiyyətlər şənbə və bazar günləri qüvvədə qalacaq.