8 C
Baku
Friday, December 13, 2024

“Güzəştli kreditlərin istifadəsində təyinatdan kənarlaşmalar olur”

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyevin müsahibəsi:

– Osman müəllim, ötən il SİF-in xətti ilə sahibkarlara 194 milyon manata yaxın güzəştli kredit verilib. Bu il üçün hansı həcmdə kreditləşmə nəzərdə tutulub və veriləcək kreditlər üzrə prioritet sahələr hansılardır?

– Bu il üçün minimum hədəf ötən ilki nəticələri təkrarlamaqdır. Geniş aspektdə isə bu il sahibkarlara 200 milyon manat civarında güzəştli kreditin verilməsi hədəflənir. Güzəştli kreditlər sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə verilir. 2024-cü ildə bu istiqamətlərə qeyri-neft sektorunda sənaye istehsalı və emalı, o cümlədən aqrar emal, kənd təsərrüfatı və anbar kompleksləri, logistika xidməti, akvakultura, yaşıl və innovasiya yönümlü, eləcə də KİV-lərin inkişafı üzrə layihələrin dəstəklənməsi daxildir. Regionlarda təhsil, turizm sahələri, Naxçıvan MR-da və işğaldan azad edilmiş ərazilərdə isə xidmət sektorları da prioritet sahələr sırasındadır.

– Fondun ayırdığı kreditlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət edilirmi? Elədirsə, bu nəzarət hansı formada aparılır?

– Burada ikiqat nəzarət mexanizmi var. Müvəkkil təşkilatlar ildə iki dəfə monitorinq aparır və nəticələr barədə Fonda məlumat verir. Pandemiyadan zərər çəkən sahələrin sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatlarından aldıqları kreditlərə görə dövlət zəmanət və subsidiya vermişdi. Həmin məhsul üzrə ildə bir dəfə monitorinq aparılaraq Fonda məlumat verilir. Digər nəzarət mexanizmi Fondun öz illik planına uyğun olaraq müstəqil formada mütəmadi təşkil etdiyi monitorinqlərdir. Müvəkkil təşkilat və ya sahibkarın müraciəti əsasında növbədənkənar monitorinqlər də keçirilə bilər.

– Monitorinqlər zamanı vəsaitlərin təyinatı üzrə istifadə edilməmə halları müəyyən edilibmi? Son illər neçə sayda və hansı həcmdə belə hallar olub və bu hallarla bağlı hansı addımlar atılıb?

– Təbii ki, təyinatdan kənarlaşma halları ilə rastlaşırıq. Tam və qismən təyinatdan kənarlaşma və ya təyinatı üzrə istifadə etməmə halları olur. Bu zaman sahibkarlıq subyektinin bank tərəfindən Fonda təqdim edilən ilkin məlumatlarına baxırıq. Həmin məlumatlarda ayrılan kreditlər hesabına konkret olaraq hansı işlərin görülməsinin nəzərdə tutulduğunu müəyyən edirik. Nəzərdə tutulan işlər tam və ya qismən icra edilmədikdə bizim həmin vəsaitin təyinatı üzrə istifadə edilməyən hissəsini müvəkkil təşkilatdan geri tələb etmək hüququmuz var. Son üç ildə verilən kreditlər üzrə 432 halda tam və qismən təyinatdan kənarlaşma olub və bu hallar üzrə 45,4 milyon manat vəsait geri qaytarılıb. Vəsaitlərin təyinatı üzrə istifadə edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işləri aparırıq. Çünki təyinatdan kənarlaşmalar həm gələcəkdə statistik məlumatların düzgün formalaşmamasına, həm də potensial olaraq portfelimizdə azalmalara səbəb olur. Təyinatdan kənarlaşmalar zamanı obyektiv səbəblər də ola bilər. Məsələn, hansısa ərazidə daşqın baş verir, nəticədə bir müddət fəaliyyət göstərmək mümkün olmur, sonra isə sahibkar fəaliyyət göstərmək fikrindən daşınır. Bəzi hallarda işin icrası üçün əlavə möhlət veririk. Bu zaman sahibkarla məsələni yenidən ətraflı danışırıq. Sahibkar möhlət istəyirsə və onu vermək mümkündürsə, veririk. Əgər sahibkar fikrindən daşınırsa, yaxud işlərin icrasını ləngidirsə, vəsaitin geri qaytarılmasını tələb edirik.

– Təyinatdan kənarlaşma hallarında çox zaman hansı tərəf günahkar olur, müvəkkil təşkilatı yoxsa sahibkar?

– Monitorinqlər həm müvəkkil təşkilat, həm Fond, həm də sahibkarlıq subyektinin nümayəndəsinin iştirakı ilə həyata keçirilir. Bu hallarda daha çox sahibkarın nəzərdə tutulan işi icra etmədiyini görürük. Bank vəsaiti sahibkara çatdırır və bununla da işin əsas hissəsini görmüş olur. Ola bilər ki, bank da qismən səhlənkarlıq edərək monitorinqi vaxtında aparmasın. Amma ümumi götürsək, vəsait sahibkardadırsa, o, işi icra etməlidir.

– Hansı hallarda sahibkarlara güzəştli kredit verilməsindən imtina edilir?

– İmtinaların əsas səbəbi təqdim edilən sənədlərin tam olmaması, maliyyə statistik və proqnoz göstəricilərin düzgün tərtib edilməməsi, yaxud tərtib edilsə də, qeyri-rentabelli görünməsidir. Təqdim olunmuş məlumatlarla Fond əməkdaşının layihəyə yerində ilkin baxış zamanı müşahidə etdiyi real mənzərə arasında böyük fərq olarsa, məlumatların yanlış təqdim edildiyi aşkarlanır. Belə hallarda imtina veririk. Müraciət zamanı texniki yanlışlıqlar və ya sənəd çatışmazlığı olarsa, Fond dərhal müvəkkil təşkilatla kommunikasiya qurub çatışmazlığı ona bildirir.

– Son dövrlər imtinalarla bağlı hansı statistika müşahidə edilir?

– 2020-ci ildə Fonda daxil olan müraciətlərin 17 %-ə, 2021-ci ildə 15 %-nə, 2022-ci ildə 10 %-nə, 2023-cü ildə 2,8 %-nə imtina verilib. Həmin illərdə müvafiq olaraq 908, 1902, 2726 və 3276 layihəyə müsbət baxmışıq. Bu statistikanın yaxşılaşmasında həm Fond, həm müvəkkil təşkilatların rolu danılmazdır.

– Regionlarda sahibkarlıq fəaliyyətinin güzəştli maliyyə mexanizmləri ilə təşviq edilməsi istiqamətində hansı işləri görürsünüz?

– Regionlarda kreditləşmə əsas prioritetlərimizdəndir. Bu, regionlarda məşğulluğun təmin edilməsi və iqtisadiaktivliyin dəstəklənməsi üçün önəmlidir. Fond regionlarda sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər təşkil edir. Bu görüşlərdə yalnız biz deyil, aidiyyəti dövlət qurumları və assosiasiyalar da iştirak edir. Görüşlər vasitəsilə Fondun fəaliyyəti və əhatəliliyi sahibkarların diqqətinə çatdırılır. Təsadüfi deyil ki, bu ilin 4 ayı ərzində Azərbaycanda verilmiş güzəştli kreditlərin 71 %-i regionların (Bakı, Sumqayıt və Abşeron istisna olmaqla) payına düşüb.

– İşğaldan azad edilmiş ərazilərdə sahibkarların güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi ilə bağlı hansı addımlar atılır?

– 2022-ci ildən işğaldan azad edilmiş ərazilərdə 7 sahibkarlıq subyekti üzrə 14 milyon manatdan çox güzəştli kredit ayrılıb. Bu istiqamətdə dəstəyimizi davam etdiririk. Müraciətlər olarsa, onlara baxılacaq. Eyni zamanda 1 fevral 2024-cü il tarixindən həmin əraziləri əhatə edən yeni mexanizm işə salınıb. Bu, kredit-zəmanət və subsidiya mexanizmidir. Mexanizmə əsasən, sahibkarlar müvəkkil kredit təşkilatlarından maksimum 5 milyon manatadək krediti 7 il müddətinə götürə bilər. Kreditin faiz dərəcəsi maksimum 15 %-dir. Bunun 10 % bəndini Fond sahibkarın əvəzinə subsidiyalaşdırır. Mexanizm çərçivəsində Şuşa şəhərində bir subyekt kommersiya bankından götürdüyü 800 min manat kreditə qarşı 90 %-ə qədər zəmanətlə təmin edilib. Fond artıq həmin kredit üzrə faizlərin 10 % bəndinin subsidiyalaşdırılmasına başlayıb.

– Fondun ayırdığı kreditlərlə bağlı sahibkarlar tərəfindən gecikdirilmə hallarına rast gəlinirmi? Belə hallarda hansı addımlar atılır?

– Bəli, belə hallar da olur. Biz bu məlumatları müvəkkil kredit təşkilatlarından mütəmadi əldə edib daxili təhlillərdə istifadə edirik. Amma istənilən halda kommersiya bankları sahibkarlıq subyektləri adından həmin vəsaitləri bizə gecikdirmədən ödəyirlər.

– Fond maliyyə ehtiyatlarının cəlb edilməsi istiqamətində hansı tədbirlər görür? Maliyyə bazarlarından kreditlərin cəlb edilməsi ilə bağlı hansısa danışıqlar aparılırmı və ya təkliflər verilirmi?

– Fondun vəsaitləri əsasən dövlət büdcəsindən daxilolmalar hesabına formalaşır və kreditləşməyə yönəldilir. Paralel olaraq son illər beynəlxalq maliyyə qurumlar ilə görüşlər keçirir, araşdırmalar aparırıq. Potensial maliyyə vəsaitinin cəlb edilməsi istiqamətində birgə proqramlar üzərində işləyirik. Hazırda bir beynəlxalq maliyyə qurumu ilə əməkdaşlıq edirik. Onların Azərbaycan iqtisadiyyatına əlavə yatırım etməsi və bizim də həmin layihədə birgə çalışmağımız şərtilə mexanizm üzərində iş gedir. Hələ ki, konkret olaraq bu istiqamətdə fəaliyyətə başlamamışıq və konkret bir məbləğ müəyyən edilməyib. Lakin hansısa problem olmazsa, bu mexanizmin uğurla icrasına yaxın günlərdə başlaya bilərik.

– Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və investisiya layihələrinin qiymətləndirmə meyarlarında dəyişiklik edilməsi gözlənilirmi? Buna ehtiyac varmı?

– Bu istiqamətdə 2021-ci ildə geniş daxili təhlillər apardıq. Eyni zamanda kənar peşəkar şirkət vasitəsilə Fondun bazasında olan sahibkarlar və müstəqil sahibkarlarla sorğu təşkil edildi. O sorğunun və daxili təhlillərimizin nəticələrinə əsasən Fondun minimal tələbləri, lazım olan sənədlərin siyahısı və ekspertizanın aparılması qaydalarında dəyişikliklər etdik. Biznes plan üçün vəsait tələbini 50 min manatdan 200 min manata qaldırdıq. Tələb olunan sənədlərin siyahısını 11-dən 6-ya endirdik. Əvvəllər sənədlərin notarial təsdiqi tələb edilirdi. O tələbi aradan qaldırdıq. 200 min manatadək kreditlərdə layihələrin təhlilinin avtomatlaşdırılmış sistem üzərindən aparılmasını təmin etdik. Bu dəyişikliklər operativlik, şəffaflıq, obyektivliyi təmin etməklə statistik yaxşılaşdırmalara gətirən amillərdəndir.

– Ölkə başçısının 2021-ci ildə imzaladığı fərmanla Fond “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Yeni şirkətin qeydiyyatı başa çatdıqdan sonra Fondun fəaliyyəti ləğv edilərək quruma veriləcək. Bilmək istəyirəm, bu istiqamətdə hansı işlər görülür. Ümumi proseslər və yenidən təşkil prosesi hazırda hansı mərhələdədir?

– Sözügedən fərman imzalandıqdan sonra nizamnamə, vəsaitlərdən istifadə qaydası və digər hüquqi sənədlər paketi hazırlanıb, qurumlarla razılaşdırılıb, aidiyyəti üzrə üst quruma təqdim edilib və hazırda orada baxılma mərhələsindədir. Ümid edirik ki, yaxın gələcəkdə bu proseslər tamamlanacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər