5 C
Baku
Saturday, December 14, 2024

Hansı kitabları oxuyaq?

Fəxri Ağayev yazır…

Bütün çıxışlarımda daima peşəkar inkişaf mövzularında danışıram və hesab edirəm ki, peşəkar inkişaf bizim ömrümüz boyunca davam etməsi gərəkən və durmayan, həyatımızın vacib bir parçası olmalıdır.

Digər mühüm məqam odur ki, peşəkar həyatda uğurlu olmaq üçün ancaq sahəvi biliklər yetərli deyildir. Bir insan təsəvvür edin – öz sahəsində bilikləri çox dərin və genişdir, amma biliklərini çatdırmaqda çətinlik çəkir və beynində olan məlumatları doğru şəkildə insanlara təqdim etmir.

Bu insanın biliklərinin çox olmasına baxmayaraq, o, nə qədər uğurlu karyera qura bilər? Axı ətrafdakı insanlar, onun rəhbərləri, onun əlaqəli qərar verə biləcək insanlar onun biliklərini görə bilmirlər.

Bir digər məqamı təsəvvür edin – bir insanın güclü bilikləri var, texniki baxımdan güclü bünövrəsi var, amma insanlarla ünsiyyət bacarığı yoxdur və kommunikasiyada zəifdir. Nə qədər də peşəkar mütəxəssis olaraq dəyərli olsa da, karyerasında artım mümkün olmayacaq, çünki nə iş yoldaşları ilə, nə rəhbəri, nə də ki, tabeçiliyində olan komanda üzvləri ilə dil tapa bilməyəcək.

Eyni bilikli insan üçün fərqli bir vəziyyəti də düşünün. İnsanın bilikləri var, ətrafında olanlarla ünsiyyət də qura bilir, amma əzmkarlıq baxımından zəifdir və çətinliklərlə qarşılaşdıqda təslim olur və nəticədə, başladığı işi davam etdirmir. Bu insan da ilk çətinliklərə qədər yüksələcək.

Bütün yuxarıda qeyd etdiyim və karyera ilə əlaqəli digər məqamları məhz elə kitab oxumaqla aradan qaldırmaq, peşə həyatımız üçün əhəmiyyətli olan müxtəlif bilik və bacarıqları ancaq oxumaqla əldə edə bilərik.

Biliyin olmadığı bir yerdə ön plana intuisiya və ya məntiq çıxır. Peşəkar həyatda isə effektivlik, bədən dili, insanlar ünsiyyət, psixologiya və digər vacib məqamlarda nə məntiq işləyər, nə də intuisiya – bütün bu sahələrdə ancaq bilik lazımdır.

İstənilən işdə nəticə əldə etmək üçün alqoritm çox sadədir: öncə bilik əldə edilir, daha sonra əldə edilən bilik təcrübədən keçir, və ancaq ondan sonra – bilik və praktikanın birləşdiyi yerdə nəticə əldə etmək mümkündür. Peşəkar inkişaf üçün oxumağın əhəmiyyəti haqda danışdıqda da daim aldığım sual isə “Fəxri müəllim, hansı növ ədəbiyyat və kitabları oxumağı bizə tövsiyə edirsiniz?” olur. Bu məqaləni mən bu sualın cavabı olaraq yazdım. Hesab edirəm ki, hər bir insan balanslı və hərtərəfli peşəkar inkişaf üçün aşağıda qeyd etdiyim müxtəlif mövzularda kitabları oxumalıdır.

1. Peşəkar ədəbiyyat. Təbii ki, birinci ədəbiyyat növü seçdiyimiz peşədə olmalıdır. Demək olar ki, bütün sahələrdə böyük sürətlə inkişaf var və seçdiyimiz peşə hansı olursa-olsun, biz hər ay və hər il peşəkar olaraq inkişaf etməliyik. Özünüz üçün bir plan müəyyən edin – seçdiyiniz sahədə hər ay ən az bir kitab oxuyacam.

2. Dəstəkləyici peşəkar ədəbiyyat. Karyera yüksəlişi üçün sahəvi bilikləri vacibdir, amma yetərli olmur. İnsanın karyerasında uğurlu olması üçün ön plana müxtəlif bacarıq və biliklər də çıxır: ünsiyyət bacarığı, təqdima və natiqlik, sosial vərdişlər, insan psixologiyası. Bütün bunlar bizim peşəkar sahədə texniki biliklərimizi önə çəkmək və ya nümayiş etdirmək, insanlarla doğru ünsiyyət qurmaq üçün vacibdir.

3. Məşhur insanların həyatlarını bioqrafiya və avtobioqrafiya şəklində oxumaq. Məşhur sərkərdələr, alimlər, iş adamları, incəsənət nümayəndələri və siyasətçilərin həyatlarını oxumağı məsləhət görürəm. Bu insanların memuarlarını oxuyanda görəcəksiniz ki, onların həyatlarında nəinki bəxt və ya rahatlıq yox idi – tam tərsi, bu insanlar problemlərə, maneələrə baxmayaraq və onlarla mübarizə apararaq güclənmişlər və uğurlu olmuşlar.

Dahi insanların həyatları hər mənada oxucularına ciddi və real motivasiyadır. Misal, əgər Riçard Nikson ABŞ kimi dövlətin prezidenti olubsa və bu qüdrətli dövləti illərlə idarə edibsə, demək bu onun bildiyi və mənə faydalı ola biləcək məlumatlar vardır – mətbuatla necə ünsiyyət qurub, insanları necə idarə edib, qərarları alarkən hansı məqamlara diqqət edib və s. Mendeleyevin cədvəlini yuxuda görməsi əfsanəsini hərkəs bilir, amma bu həqiqətən də olubmu, və ya olubsa, necə və hansı şərtlərdə, hansı həyat tərzindən sonra olub?

Arnold Şvartsnegger üçün istedad deyirlər – amma istedadlımı olub, yoxsa onun yaşıdları futbol oynayarkən, o saatlarını idman zallarındamı keçirib? Bu insanlar müvəffəqiyyət əldə edənə qədər hansı yolardan keçiblər, nələrlə və necə mübarizə aparıblar, ruhdan düşdüklərində kimdən və necə dəstək alıblar?

Robert Kox, akademik Nikolay Vavilov, məşhur dünya çempionları, şahmatçılar, alimlər, sərkərdələrin həyatları bizlər üçün ciddi nümunələrdir – bu insanlar əzmkarlıqları, iradə gücü, disiplin və biliklərilə irəli gediblər.

4. Sağlamlıq mövzularında ədəbiyyat. Bu gün, cəmiyyətimizin əsas problemlərindən biri insanların sağlamlıq haqda ən sadə qaydaları və prinsipləri bilməməsidir. Tam əminəm ki, insanlar zamanında öz səhhətləri mövzusunda doğru biliklərə malik olaraq qidalanma, fiziki aktivlik və idmanla sağlamlıqlarını qorusalar, həm ömrümüz uzanar, həm də uzanmış ömrümüz gözəlləşər, həyat və yaşam keyfiyyətimiz artar.

Digər vacib məqam budur ki, sağlamlıq deyəndə biz nədənsə fiziki sağlamlığı nəzərdə tuturuq, amma bizim psixoloji sağlamlığımız, iş və özəl həyatımız da qarşımıza çıxan stresslə mübarizə edə bilməyimiz bəzi hallarda fiziki sağlamlıqdan daha da vacib olur. İş həyatı mübarizə, rəqabət, anlaşmazlıq və problemlərlə dolu olur; bununla bərabər, bəzən şəxsi həyatımız da istədiyimiz kimi olmur. Buna görə, bu mövzularda bizim biliklərimizi artıracaq ədəbiyyatı da oxumalıyıq.

5. Bədii ədəbiyyatın oxunub-oxunmaması haqqında sualın belə olmasını səhv sayıram, çünki bu ədəbiyyat növü ruhumuzun qidasıdır. Sözsüz ki, bədii ədəbiyyat oxumağın bizə ən vacib təsiri bizim mənəvi dünyamıza müsbət təsiridir: ideallarımızın və dəyərlərimizin formalaşması, söz xəzinəmizin genişlənməsi, fikirlərimizi sistemli, məntiqli və ardıcıl başa sala bilmə bacarığının güclənməsi.

Bədii ədəbiyyatın oxunması sadəcə intellektual əyləncə deyil – bu həm də, eyni anda həyatımızın aynasıdır. Bədii ədəbiyyatı bütün peşə sahibləri ona görə oxumalıdırlar ki, bu kitablar insanların, millətlərin mədəni kodlarını dərindən başa salır, insanlarda şəxsiyyətin formalaşmasında rolu böyükdür və bunlara əlavə olaraq düşünmə qabiliyyətini inkişaf etdirir, insanların hərəkət və davranışlarında olan motivləri və əsasları başa düşməkdə dəstək olur, doğru seçimlər etmək və qərar verməkdə insanlara istiqamət göstərir.

Bu yazımın sonunda isə ən çox sevdiyim bir cümləni yazmaq istəyirəm: “Müdrik olmaq üçün 10 kitab oxumaq kifayət edir. Bu doğru 10 kitab tapana qədər isə 1000 kitab oxumaq lazımdır”. Hər birinizi müdrik edəcək 10 kitabı tapana qədər oxumağı arzu edirəm!…

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər