“Holcim (Azərbaycan)” ASC 2025-ci ili 29 milyon 971 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ilin analoji göstəricisi (19 milyon 544 min manat) ilə müqayisədə 53.3% və ya 10 milyon 427 min manat çoxdur.
Banker.az bu barədə “Holcim (Azərbaycan)” ASC və onun törəmə müəssisələrinin 2025-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, şirkətin müştərilərlə müqavilələrdən gəlirləri (satış həcmi) illik müqayisədə 11.6% (24 milyon 471 min manat) artaraq 235 milyon 251 min manat təşkil edib. 2024-cü ildə bu göstərici 210 milyon 780 min manat olmuşdu.
Satışların maya dəyəri 14.4% artaraq 119 milyon 269 min manata yüksəlsə də, şirkətin ümumi mənfəəti 8.8% artımla 115 milyon 982 min manata çatb.
31 dekabr 2025-ci il tarixinə şirkətin cəmi aktivləri illik müqayisədə 9.2% artaraq 324 milyon 163 min manata çatıb (2024-cü ilin sonunda: 296 milyon 733 min manat). Şirkətin hesablarındakı pul və pul ekvivalentləri 2.1 dəfə artaraq 15 milyon 545 min manatdan 32 milyon 834 min manata çatıb.
2025-ci ilin yekununda ASC-nin cəmi kapitalı 10.2% artaraq 165 milyon 6 min manata çatıb. Şirkətin bölüşdürülməmiş mənfəəti 13.4% artımla 129 milyon 891 min manata yüksəlib. Şirkətin cəmi öhdəlikləri 8.2% artaraq 159 milyon 157 min manat təşkil edib.
Xatırladaq ki, “Holcim Azerbaijan” 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 milyon manatdır. Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” (76%) və “Holcim Auslandbeteiligungs GmbH.” (10%) şirkətlərinə, qalan 14%-i isə fiziki şəxslərə məxsusdur.






