Mərhələli şəkildə icbari tibbi sığortanın tətbiqinə 20 gün sonra başlanılacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində TƏBİB yaradılıb. Beləliklə, Səhiyyə Nazirliyinin tabeliyindəki 3042 tibb müəssisəsi də TƏBİB-ə verilib.
Banker.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.
Onun sözlərinə görə, 2017-ci ilin yanvarın 1-dən Yevlax və Mingəçevirdə pilot layihəyə başlanılıb. Sonra Ağdaş da bu layihəyə qoşulub:
“Həmin ərazidə 370 min əhaliyə, bunlardan 30 mini məcburi köçkün və qaçqın statusu olan insanlara xidmət göstərildi. Burada tibbi xidmət tam ödənişsiz idi və dövlət tərəfindən həyata keçirilirdi.
Layihədən sonra mənfi və müsbət nəticələr əldə etdik. Bununla da araşdırmalar apardıq. Kənd məntəqəsindən başlayaraq ən yüksək xəstəxanaların qiymətləndirilməsinə başlanıldı.
Qiymətləndirmə dedikdə infrasturuktur, maddi texni baza və kadr potensialı nəzərdə tutulur. Bu böyük zaman tələb edən bir işdir. İl ərzində qiymətləndirmə tam başa çatdırıldı. Bununla müəyyən olundu ki, harada kadr, insfrastruktur və ya maddi texniki baza problemləri var”.
Ş.Eyvazov onu da əlavə edib ki, nəticələrə görə, 2020-ci ildə ölkə üzrə icbari tibbi sığortanın mərhələli şəkildə keçirilməsi təklif edilib:
“İlk olaraq şimal zonasından tətbiqinə başlayacağıq. Pilot olaraq işlədiyimiz ərazilər də bura aid ediləcək. Bununla 23 ərazi vahidində ilk olaraq tətbiqinə başlanılacaq. Bu, 2 milyon 200 mindən çox əhalini əhatə edəcək. Daha sonra mərhələli şəkildə digər regionlarda həyata keçiriləcək”.
İcbari tibbi sığorta haqlarının aprelin 1-dən ödəniləcəyini diqqətə çatdıran şöbə müdiri son olaraq göstəriləcək tibbi xidmətin keyfiyyət dərəcəsinin yüksək olacağını deyib:
“Verilən tibbi xidmət yüksək keyfiyyətdə olmalıdır. Hər bir vətandaşa dövlət tərəfindən 90 manat ayrılıb. İlk üç ay heç bir vətəndaşdan icbari tibbi sığorta haqqı tutulmur. Apreldən başlayaraq isə bu haqlar tutulacaq”.