Milli Məclisin (MM) payız sessiyasının bu gün keçiriləcək ikinci iclasında “İnzibati İcraat haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Banker.az xəbər verir ki, Dövlət başçısının təqdimatı ilə göndərilən qanun layihəsində dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi yönündə rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi məsələsinin tənzimlənməsi nəzərdə tutulur.
Belə ki, qanunun 4-cü (Aidiyyət) maddəsinin 3-cü bəndinə əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir.
Dəyişikliklə bəndə yeni cümlə əlavə edilir:
“Bu maddə dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar qəbul edilən inzibati aktların məhkəmələrdə mübahisələndirilməsi hallarına şamil edilmir”.
Layihədə göstərilir ki, bir sıra hallarda Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının mübahisələndirilməsi ilə bağlı qaldırılan iddialara məhkəmələr tərəfindən inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisə olması əsası ilə baxılmır.
Təqdim edilən layihə həmin problemin aradan qaldırılması üçün hazırlanıb.