Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, İranla münaqişənin səbəb olduğu qiymət artımı fonunda qlobal qaz tələbatı, çox güman ki, 2022-ci il enerji böhranından bəri ilk dəfə illik ifadədə azalacaq.
İlin birinci yarısında tələbatın azalması xüsusilə Asiyada nəzərə çarpıb. Burada istehlakçılar qaz istifadəsini azaldıb və ya alternativ enerji mənbələrinə keçiblər. Çərşənbə axşamı dərc olunan BEA-nın rüblük hesabatında qeyd olunur ki, Avropada da bərpa olunan enerji mənbələrindən elektrik istehsalı artıb. Yaxın Şərqdə qaz istehlakının azalması ilə birlikdə bu amillər ayrı-ayrı regionlarda istehlak artsa belə, cari ildə qlobal qaz tələbatının 0,5% azalmasına səbəb olacaq.
Yaxın Şərqdəki münaqişə faktiki olaraq dünya üzrə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünün təxminən beşdə birini məhdudlaşdırıb. Münaqişə başlayandan bəri Avropa və Asiyada əsas qaz qiymət göstəriciləri təxminən 40–70% artıb. Əvvəllər tələbatın artacağını gözləyən Hindistan, Banqladeş və Vyetnam kimi idxalçılar uzunmüddətli qaz strategiyalarına yenidən baxmağa və alternativ həllər axtarmağa məcbur olublar.
ABŞ və İran arasında ötən ay əldə edilmiş müvəqqəti sülh razılaşmasından sonra Hörmüz boğazından gəmi hərəkəti yaxşılaşsa da, bu strateji keçid məntəqəsi ilə bağlı problemin uzunmüddətli həlli hələ də qeyri-müəyyəndir. Regionda və onun ətrafında gəmilərə qarşı yeni hücumlar kövrək atəşkəsi sınağa çəkib və dəniz daşımaları üçün risklərin qalmaqda davam etdiyini göstərib.
ABŞ daxil olmaqla yeni LNG tədarüklərinin əhəmiyyətli dərəcədə artması iyun ayında Fars körfəzi ölkələrindən ixracın azalmasını qismən kompensasiya edib. Lakin IEA-nın bildirdiyinə görə, Yaxın Şərqdən tədarükün bərpasında yaranacaq istənilən gecikmə 2012-ci ildən bəri qlobal bazarda təklifin ilk illik azalmasına səbəb ola bilər. Ümumilikdə isə cari ildə qlobal LNG tədarüklərinin əvvəlki artım proqnozlarının əksinə olaraq sabit qalacağı gözlənilir.







