10 C
Baku
Friday, December 13, 2024

İkiqat vergitutmada ərizə formaları

İkiqat vergitutma bir şəxsin eyni gəlirinin birdən artıq dövlət tərəfindən eyni növlü vergiyə cəlb edilməsidir. Bu sahədə beynəlxalq vergi razılaşmalarının əsas məqsədi baş verə biləcək ikiqat vergitutmanın aradan qaldırılmasıdır.

Banker.az “Vergilər”ə istinadən xəbər verir ki, mövzunu BSC Konsalting şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Ulduz İbrahimova və hüquqşünası Xəyalə Əfəndiyeva şərh edirlər.

DTA (Double Taxation Agreements) formaları – Azərbaycan Respublikası ilə hər hansı xarici dövlət arasında imzalanmış və müvafiq dövlətdaxili prosedurlara uyğun qaydada qüvvəyə minmiş beynəlxalq müqavilələr əsasında, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması məqsədilə rezident və (və ya) qeyri-rezident tərəfindən təqdim edilən ərizə formalarıdır.

DTA formalarının mahiyyəti, onlara əlavə kimi təqdim olunan sənədlər və onlarla bağlı tələblər Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 2017-ci il 12 iyun 2017-ci il tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” (bundan sonra qısa şəkildə “Qaydalar” adlandırılacaq) ilə tənzimlənir.

DTA ərizələrinin 5 forması mövcuddur. Ərizə formalarının hər birinin vahid nümunəsi Qaydaların əlavələri ilə müəyyən edilib. Bu yazıda vergi öəyicilərində daha çox sual doğuran DTA ərizə formaları nəzərdən keçiriləcək.

DTA-01 – “Rezidentlik sertifikatının alınması haqqında” ərizə formasıdır. Ümumiyyətlə, rezidentlik sertifikatı dedikdə vergi məqsədləri üçün Azərbaycan Respublikasının və ya digər dövlətin rezidentliyini təsdiq edən sənəd başa düşülür. Azərbaycan Respublikasında müvafiq vergi orqanlarına müraciət edilməklə təqdim edilən DTA-01 ərizə forması isə hüquqi və ya fiziki şəxsin məhz Azərbaycan Respublikasının rezidenti olduğunu təsdiq edən sənədi əldə etmək məqsədi daşıyır. Rezidentlik sertifikatı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərindən (rezidentlərdən), adətən, onlar xarici dövlətlərdə gəlir etdiyi zaman tələb olunur.

Rezidentlik sertifikatının təqdim ediləcəyi xarici dövlət, həmin dövlətin müvafiq orqanı və ya şəxsi, sertifikatın təqdim edilmə məqsədləri barədə məlumatların rezidentlik sertifikatı almaq üçün müraciət edən şəxs tərəfindən DTA-01 formasında dolğun şəkildə əks etdirilməsi zəruridir. Qeyd edilən məlumatların təqdim edilmədiyi halda müraciət edən şəxslərə rezidentlik sertifikatı verilmir. Müəyyən hallarda rezidentlik sertifikatı Azərbaycan Respublikası rezidentinin Azərbaycan Respublikası ilə beynəlxalq müqavilə bağlamış xarici dövlətdə (razılığa gələn digər dövlət) əldə etdiyi hər hansı gəlirə beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin tətbiqi məqsədilə istənilir. DTA-01 formasında həmin gəlirin əldə edilməsinə əsas verən müqavilənin tarixi, nömrəsi, həmçinin əldə ediləcək gəlirin müvafiq valyuta ilə məbləği (əgər məlumdursa) də göstərilməlidir.

Razılığa gələn digər dövlətlərin bəzilərində rezidentliyin təsdiq olunmasının xüsusi vahid forması müəyyən olunur ki, qeyri-rezidentlərdən rezidentliyin məhz həmin formaya uyğun təsdiqi tələb edilir. Belə hallarda vergi orqanı rezidentliyi həmin dövlətin forması üzrə təsdiq edir. Lakin bunun üçün müraciət edən şəxs bu halı öz müraciətində xüsusi olaraq qeyd etməli, eləcə də təqdim etdiyi DTA-01 formasına xarici dövlətin formasını və onun notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də əlavə etməlidir.

DTA-03 – qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında ərizə formasıdır. Yəni DTA-03 forması vasitəsilə qeyri-rezident şəxs Azərbaycan Respublikasında əldə etdiyi gəlirlərə münasibətdə öz ölkəsi ilə Azərbaycan Respublikası arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilədə nəzərdə tutulmuş azadolmalardan və ya aşağı dərəcənin tətbiq edilməsi imkanlarından istifadə edə bilir. DTA-03 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs (vergi agenti) üzrə ayrıca doldurularaq gəlirin ödənildiyi tarixədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı təqdim edilməlidir. DTA-03 ərizə formasına rezidentlik sertifikatından əlavə, gəlirin növündən asılı olaraq (məs: göstərilmiş xidmətdən gəlir, faiz, dividend və s.) gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən digər təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) Qaydalarla müəyyən edilən formada təsdiq edilmiş surətləri də əlavə edilməlidir.

Qaydaların 8.6-cı bəndinə əsasən, DTA-03 forması üçün rezidentlik sertifikatı onun təsdiq edildiyi tarixdən bir il ərzində etibarlı hesab edilir. Lakin Dövlət Vergi Xidmətinin bu halla bağlı verdiyi izahedici mövqeyinə əsasən, qeyri-rezidentlərə münasibətdə daha əlaverişli şərtlər tətbiq edilir. Belə ki, yalnız hüquqi şəxslərə münasibətdə təqdim olunmuş rezidentlik sertifikatları növbəti təqvim ilinin sonunadək vergi orqanları tərəfindən tanınır.

Misal 1: Tutaq ki, Türkiyə Respublikasının rezidenti olan “B” şirkəti Azərbaycan Respublikasının rezidenti olan “A” şirkətinə xidmət müqaviləsi əsasında mühəndislik xidmətləri göstərir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, “B” şirkətinin xidmətlərin göstərilməsindən əldə etdiyi gəlir 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergiyə cəlb olunmalıdır. “B” şirkəti vergiləri Azərbaycan Respublikasında deyil, öz ölkəsində ödəmək istədiyi halda, “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında Saziş”ə əsaslanaraq DTA-03 forması ilə müraciət etməklə Azərbaycan Respublikasında 0 faiz dərəcəsi ilə vergiyə cəlb oluna bilər. Bunun üçün “B” şirkəti vergi orqanlarına təqdim etdiyi ərizəyə “A” şirkəti ilə müqavilə və digər təsdiqedici sənədlərlə yanaşı, rezidentlik sertifikatını da əlavə etməlidir. Rezidentlik sertifikatlarının üzərində onların verildiyi tarix göstərilir. Məsələn, “B” şirkətinin rezidentlik sertifikatı 15 iyul 2021-ci ildə verilmişdirsə, izahedici mövqeyə əsasən, həmin sertifikat növbəti ilin sonuna, yəni 31 dekabr 2022-ci ilədək vergi orqanı tərəfindən tanınır və DTA-03 ərizə formasında ödənişlərin son tarixi kimi həmin tarix göstərilə bilər. Ödənişin son tarixi kimi rezidentlik sertifikatının qüvvəsinin bitməsindən sonrakı tarix göstərildiyi halda, həmin tarixlərdəki ödənişlərə azadolma tətbiq edilməyəcəkdir.

Həmçinin, izahedici mövqedə DTA-03 forması ilə bağlı nəzərdə tutulan digər məsələ, müraciət edən şəxslər tərəfindən rübün bitməsinə ən geci 20 iş günü qalmış edilən DTA-03 müraciətləri üzrə eyni rübü əhatə edən əvvəlki ödəniş dövrünün qeyd olunmasının vergi orqanları tərəfindən qəbul olunmasıdır.

Misal 2: Tutaq ki, Türkiyə Respublikasının rezidenti olan “B” şirkəti tərəfindən DTA-03 ərizə forması üzrə müraciət 1 mart 2021-ci ildə edilmişdir. DTA-03 ərizə forması ilə birlikdə təqdim olunan rezidentlik sertifikatına əsasən, qeyri-rezident 2021-ci il üçün Türkiyə Respublikasının rezidentidir. Bu zaman müraciət mart ayında edilmiş olsa belə, rübün bitməsinə 20 gündən daha çox müddət qaldığından, ərizədə ödənişlərin aparılacağı dövr hissəsində 01.01.2021-01.12.2021-ci il tarixlərinin qeyd olunması məqbul hesab olunur.

DTA-05 – qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında ərizə formasıdır. Bu ərizə forması beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, qeyri-rezident tərəfindən DTA-03 ərizə forması təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı edilmiş müraciəti özündə ehtiva edir. DTA-05 forması qeyri-rezident tərəfindən ona gəlir ödəyən hər bir şəxs üzrə ayrıca doldurularaq təqdim edilməlidir.

Müraciətin edilməsi zamanı ərizəyə qeyri-rezidentin rezidentliyini təsdiq edən rezidentlik sertifikatı, həmçinin gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu, həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin Qaydalarla müəyyənləşdirilmiş formada təsdiq edilmiş surətləri də əlavə edilməlidir. Diqqət edilməli olan məqamlardan biri də budur ki, DTA-05 forması üçün qeyri-rezidentin rezident olduğu dövlətin vergi orqanları tərəfindən təsdiq edilmiş rezidentlik sertifikatı vergilərin artıq ödənildiyi dövrü əhatə etməlidir.

Qaydaların 7.5-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən müraciətə baxılması nəticəsində formada göstərilmiş vergi məbləğlərinin qeyri-rezidentə geri qaytarılmalı olduğu təsdiqlənərsə, Dövlət Vergi Xidmətinin müvafiq struktur vahidinin səlahiyyətli şəxsi ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda müəyyən edilmiş prosedura uyğun olaraq “Vergi ödəyicisinin büdcəyə artıq ödəmələrin qaytarılması barədə Rəy” hazırlanaraq, müraciət edən şəxsə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yerli bölmələrinə göndərilir, artıq ödənilmiş vergilərin maliyyə orqanları tərəfindən qeyri-rezidentə qaytarılmasının prosedurları, müddətləri və digər aidiyyəti məsələlər də həmin qaydalarda nəzərdə tutulmuş formada tənzimlənir.

Həm DTA-03, həm də DTA-05 forması üzrə müraciətdə yalnız gəlir ödəyən şəxslər (vergi agentləri) qeyri-rezidentdən etibarnamə almadan müvafiq vergi orqanına müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər