Texnologiya parklarının rezidentlərinə verilən vergi, gömrük və digər güzəştlərdən sonra informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xarici şirkətlərin Azərbaycana marağı artıb. Bunu Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin rəhbəri Elvin Abbasov deyib. Onun sözlərinə görə, artıq İKT sahəsində fəaliyyət göstərən proqram təminatı və təchizatı şirkətləri texnologiyalar parkının rezidenti olmaq üçün müraciət edirlər.
“Qanunvericiliklə İKT sahəsinə böyük imtiyazlar verilib. Bundan, təbii ki, Azərbaycanın İKT sektoru böyük faydalar əldə edəcək. Artıq xarici şirkətlərin Azərbaycana investisiya etmək üçün marağı da artır. “Relocasion” layihəsi xarici şirkətlərin Azərbaycana köçməsi və bu imtiyazlardan yararlanmasını nəzərdə tutur”, – E.Abbasov qeyd edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci tarixli Fərmanı ilə “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilib. Əsasnamə ilə sistem inteqrasiyası və proqram təminatının inkişafı ilə məşğul olan texnologiyalar parkının rezidentlərinə Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda bir sıra güzəştlər müəyyənləşdirilib.