5 C
Baku
Saturday, December 14, 2024

İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir – Bunlar hansıdır?

Azərbaycanda İKT sahəsinin inkişaf etdirilməsi məqsədilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda 2023-cü il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklər edilib. 

Bu barədə Banker.az-a DVX-dan bildirilir.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə – gəlir (mənfəət), əmlak və  torpaq vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Adıçəkilən şəxslərə vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.

Sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 01.01.2023-cü il tarixdən 3 il müddətinə 8000 manatadək aylıq gəlir olduqda 0 faiz, 8000 manatdan artıq gəlirlərə münasibətdə 5 faiz və 01.01.2026-cı il tarixdən  7 il müddətinə aylıq gəlirin 5 faizi məbləğində tutulacaqdır.

“Sosial sığorta haqqında” Qanunda dəyişikliyə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi  fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il yanvarın 1-dən 10 il müddətinə məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərə isə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı, öz seçimlərindən asılı olaraq, minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlər üzrə qüvvədə olan Qanunda göstərilən qaydada  (14.3-cü və 14.4-cü maddələrə) ödənilməsi müəyyən edilib.  

Sığortaolunanlar bununla əlaqədar hər il yanvar ayının 15-dək öz seçimləri barədə yazılı məlumatı sığortaedənə təqdim edirlər və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir.

Son xəbərlər
Digər xəbərlər